Dizayn və yaradılış

w3layouts

Bir dizayner, ağlındakı modelləri boş bir kağıza çəkərək hazırlayar. Dizaynerin o ana qədər gördüyü hər şey, dizaynını formalaşdıran nümunələri meydana gətirər. Çünki təbiətdəki hər forma, hər şəkil bir dizayndır. Heç bir dizayner daha əvvəl heç görmədiyi, heç bir şəkildə məlumat sahibi olmadığı bir şeyi dizayn edə bilməz.
  İstəyirsinizsə əvvəlcə bir dizaynerin yeni bir dizayn meydana gətirərkən getdiyi yolu mərhələli şəkildə araşdıraq: Dizayner əvvəlcə hazırlayacağı materialın istifadə olunma məqsədini, funksiyasını müəyyənləşdirər. Daha sonra dizayn olunacaq məhsulun istifadəçisini və onun ehtiyaclarını nəzərə alaraq, dizaynın hüdudlarını müəyyənləşdirər.
Dünyadakı peşə qrupları arasında, bəlkə də, ən sakit və rahat şərtlər altında işləyənlər sənaye dizaynerləridir. Bunun səbəbi yaxşı bir dizaynın, çox çalışıb səy göstərməklə yanaşı, həmin anda insan ağlına yaxşı bir fikir və ya incəliyin gəlməsi ilə əlaqəli olmasıdır. Bu mərhələdə dizaynerin əlinin altında yalnız boş bir kağız və qələm vardır. Bu vaxt dizayn edəcəyi materialla əlaqədar olaraq, daha əvvəl dizayn edilmiş nümunələri də nəzərdən keçirdiyini və analiz etdiyini unutmamaq lazımdır.
Aylar ərzində müxtəlif eskizlər çəkilər və bu müddətdə dizayner, bəlkə də, yüzlərlə dizayn yarada bilər. Daha sonra bunlar nəzərdən keçirilir və içlərindən funksiya/estetik nisbəti ən əlverişli və istehsala ən uyğun olan bir və ya daha çox iş nümunəsi seçilir. Bundan sonra istehsal prosesində qarşıya çıxan incəliklər üzərində iş aparılar.
Əvvəlcə dizaynın kiçik miqyaslı bir modeli hazırlanılır. Beləliklə də, təsvirlər ilk dəfə üç ölçülü görünüş alır. Daha sonra dizaynın tamamalanmış halının görülə bilməsi məqsədiylə birin-birə nisbətindəki bir modeli də hazırlanıla bilər. Bütün bu əməliyyatlar zənn edildiyi qədər qısa müddət davam etməz, əksinə illərlə vaxt ala bilər. Daha sonra yaradılan heykəl model üzərində bəzi təcrübə və sınaqlar aparılar. İstifadəçiyə olan uyğunluğu nəzərdən keçirilər.
Bazara yeni çıxan bir dizayn nümunəsi, əlbəttə ki, ilk öncə görünüşü ilə diqqəti cəlb edər. Müştərilərinin rəğbətini qazanar. Ümumiyyətlə bir malın satışındaki ilk amil forma, rəng kimi elementləri ehtiva edən xarici görünüşü, daha sonrakı amil isə onun funksiyasıdır.
Göründüyü kimi bir məhsulun dizayn olunması üçün, ilk addımdan istehsal mərhələsinə qədər olduqca zəhmətli bir iş prosesi lazımdır. Halbuki, bütün dizayn nümunələrinin əslində tək bir sahibi vardır və Onun üçün gördüyü işlərdə heç bir zəhmət yoxdur. Allah bütün canlıları qüsursuz şəkildə və təkcə bir dəfə "ol" əmri ilə yaradır. Bir ayədə bu həqiqət belə bildirilir:
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” deyər, o da olar (Bəqərə surəsi, 117)
Nümunəsiz olaraq yaratma və yoxdan var etmə gücü təkcə Allaha məxsusdur. İnsan isə yalnız mövcud olan şeylərin surətini yarada bilər. İşin daha dərinliyinə getsək, hər hansı bir şeyi dizayn edən insanın onsuz da ən gözəl surətdə dizayn olunduğu həqiqəti ilə qarşılaşarıq. Allah canlıları və insanı yoxdan var etmiş və insana da bir dizayn etmə qabiliyyəti vermişdir.
Yalnız insan qabiliyyəti ilə hazırlandığını zənn etdiyimiz bir çox şeyin dizaynı isə, əslində təbiətdə mövcuddur. Böyük bir bilik və insanların illərlə davam edən tədqiqatları nəticəsində ortaya çıxan strukturlar və ya texnoloji məhsullar, təbiətdə onsuz da milyonlarla ildir ki, mövcuddur.
Bunu görən dizaynerlər, memarlar və elm adamları canlıların yaradılış xüsusiyyətlərini özlərinə nümunə götürərək, yeni modellər hazırlamağa başlamışlar.

Böcəklər və robot texnologiyası
Böcəklərlə maraqlanan yalnız memarlar deyil. Elektronika mühəndisləri də robot texnologiyasını inkişaf etdirmək üçün böcəkləri müşahidə etməyə biganə yanaşmazlar. Böcəklərin ayaqları model götürülərək hazırlanılan robotlar, yerə daha tarazlı şəkildə ayaq basa bilirlər. Ayaqlarının ucuna türkcə vantuz deyə adlandırılan xüsusi bir əmici vasitə yerləşdirilən böcək robotlar, milçəklər kimi divarda yeriyə bilirlər. Bir yapon firmasının böcəklərdən ilham alaraq hazırladığı robot, tavanda yerimə xüsusiyyətinə sahibdir. Firma, üzərinə həssas qəbuledicilər yerləşdirdiyi bu robotu körpülərin alt səthlərinə nəzarət edilməsi işində istifadə edir.(47)
Amerika ordusunun uzun müddətdir ki, mikromaşınlar ilə yaxından maraqlandığı məlumdur. Professor Johannes Smithə görə, eynilə qarışqa görünüşündəki bir robotu, bir millimetrdən kiçik bir mühərrik asanlıqla hərəkət etdirə biləcək. Bu şəkildə düzəldiləcək bir robotun, qarışqa ordusunun içiylə gizli şəkildə hərəkət edib düşmən radarlarına, təyyarə mühərriklərinə və ya bir kompyuter terminalına asanlıqla girib zərər verə biləcəyi hesab edilir. Necə ki, Yaponiyanın iki böyük sənaye firması Mitsubişi və Matsusita, ortaq çalışmalarla qarışqa robotlar üçün ilk addımı atmış vəziyyətdədirlər. Bu ortaq çalışmanın məhsulu 0,42 qram ağırlığında və dəqiqədə 4 metr yeriyə bilən bir mini robot olmuşdur.

Xitin: Mükəmməl örtük materialı
Böcəklər dünyada ən çox rast gəlinən canlılardır. Bunun səbəbi bir çox mənfi şərtlərə müqavimət göstərəcək quruluşda yaradılmış olmalarıdır. Onları bu cür dözümlü edən səbəblərdən biri, bədənlərini əhatə edən xitin təbəqəsidir:
Xitin olduqca yüngül və incədir. Bu səbəblə də böcəklər onu daşımaqda heç vaxt çətinlik çəkməzlər. Böcəyin bədənini xaricdən əhatə etməsinə baxmayaraq, skelet funksiyası yerinə yetirəcək qədər möhkəmdir. Amma həmçinin də olduqca elastikdir. Bədən içindən ucları özünə bağlı olan əzələlərin yığılıb açılması ilə hərəkət edə bilər. Bu, böcəklərə, hərəkətlərində sürət qazandırdığı kimi, xaricdən gələcək zərbələrin təsirini də azaldar. Üzərindəki xüsusi örtük maddəsi sayəsində kənardan içəriyə su keçirməz. Bədən daxilindəki mayeləri də kənarlaşdırmaz.(48) İstidən hətta radiasiyadan belə təsirlənməz. Çox vaxt ətrafla tam uyğunlaşan rəngdə olar. Bəzən də çəkindirəcək qədər parlaq ola bilər.
Əgər təyyarələr və kosmik gəmilər xitinin xüsusiyyətlərinə sahib bir maddədən hazırlansaydı necə olardı?. Sözün açığı belə bir maddə aviasiya mütəxəssislərinin yuxularını bəzəyir.
Böcəklərin qarnı da, bədən quruluşlarına və fəaliyyətlərinə bağlı olaraq xüsusi şəkildə dizayn olunaraq yaradılmışdır. Məsələn, səhra əqrəbinin qarnı, daraq adı verilən çox həssas orqanlarla örtülüdür. Əqrəb bunlarla torpağın sərtlik dərəcəsini müəyyənləşdirər və yumurtalarını qoymaq üçün ən uyğun yeri təyin edər.

Eritrositlər üçün hazırlanmış ideal forma
Qanın oksigen daşıma vəzifəsi qırmızı qan hüceyrələrinə (eritrositlərə) verilmişdir. Oksigen, bu hüceyrələrdə olan hemoqlobin adlı maddəyə yapışaraq daşınar. Bu hüceyrənin səthi nə qədər böyükdürsə o qədər böyük miqdarda oksigen daşına bilər. Ancaq qırmızı qan hüceyrələri kapilyar damarlardan da keçəcəkdir. Bu da hüceyrənin ən kiçik həcmdə olmasını tələb edir. Yəni minimum həcm, maksimum səth genişliyi lazımdır.
Necə ki, qırmızı qan hüceyrələri tam bu ehtiyacı ödəyəcək xüsusi bir dizayna sahib şəkildə yaradılmışlar: Yastı, yumru və hər iki tərəfdən basıq quruluşdadırlar. Bu hallarıyla yandan xeyli basdırılmış kaşar pendiri təkərinə bənzəyərlər. Bu, mümkün olan ən kiçik həcmə və ən böyük səth genişliyinə sahib formadır. Necə ki, təkcə bir qırmızı qan hüceyrəsi, bu forma sayəsində 300 milyon hemoqlobin molekulunu daşıya bilər. Bununla yanaşı qırmızı qan hüceyrələri elastiklikləri sayəsində də, ən dar kapilyar damarlardan və ya ən kiçik məsamələrdən keçə bilərlər.(49)

Balon balığının fotoxromik gözləri
Balon balığı Cənub-Şərqi Asiyanın isti dənizlərində yaşayır. Bu balıq gözlərinə çox işıq düşdükdə bir növ "kimyəvi günəş eynəyi" taxır. 2,5 sm uzunluğundakı bu balığın gözlərində fotoxromik linzalara bənzər bir xüsusiyyət vardır. Bu linzaların rəngi işığa görə açılar və ya tündləşər.
Sistem belə işləyir: Balon balığı güclü işıqla qarşılaşdıqda, gözünün şəffaf təbəqəsinin (buynuzlu qişanın) kənarlarında yerləşən "xromatofor" adlı rəng hüceyrələri, sarı rəngli bir boya (piqment) ifraz etməyə başlayar. Bu boya gözün üzərinə yayılaraq bir filtr rolu oynayar və gələn işığın şiddətini azaldar, beləliklə də, balığın daha dəqiq görməsi təmin edilər. Qaranlıq sularda isə gözdəki bu piqment yox olar və göz mümkün olan maksimum işığı qəbul edər.(50)
Əlbəttə ki, bu sistemin yaradılmış olduğu aydındır. Hüceyrələrin gözə gələn işığa görə boya ifraz etmələri və ya bu ifrazatı dayandırmaları, xüsusi şəkildə icra edilən bir tənzimləmə əməliyyatıdır və təsadüflərin məhsulu olduğu düşünülə bilməz. Göz kimi onsuz da tamamilə kompleks bir quruluşa sahib olan bir orqanın bir də bu kimi qüsursuz bir sistemlə təchiz edilmiş olması, Allahın yaratmasındakı möhtəşəmliyin bir ifadəsidir.

Canlılarda dizayn olunmuş mexaniki sistemlər
Çox vaxt dizaynerlər üçün, hərəkət edən sistemlərin dizaynı, hərəkətsiz sistemlərin dizaynından daha çətindir. Məsəl üçün, bir dreli dizayn edərkən qarşılaşılan problemlər bir dolçanı dizayn edərkən qarşılaşılan problemlərdən daha çoxdur. Çünki birincində funksiya ön planda olduğu halda, ikincində forma ön plandadır və funksiyalı şeylərin dizaynı daha mürəkkəbdir. Dizayndakı hər hissə məqsədə xidmət etməli və hamısının bir vəzifəsi olmalıdır. Təkcə bir hissə çatışmadıqda və ya düzgün dizayn olunmadıqda sistem işləməz.
Belə səhv dizayn nümunələri müvəffəqiyyətsizliyə məhkumdur. Necə ki, insanların yaratdığı mexaniki sistemlərdəki səhvlər ehtimal olunandan daha çoxdur. Bunların bir çoxu sınaq-yanılma üsuluna görə dizayn olunmuşdur. Səhvlər, məhsulun bazara çıxmadan əvvəl hazırlanılan modellərində aradan qaldırılmağa çalışılmışdır. Ancaq bu da istifadəyə verilən məhsullarda xətanın qarşısını ala bilməmişdi.
Halbuki, eyni şeyi təbiətdə mövcud olan, dizayn olunmuş mexaniki sistemlər üçün söyləmək qeyri-mümkündür. Bütün canlılardakı mexaniki dizayn nümunələri mükəmməldir və bu mükəmməl dizayn nümunələri təkcə bir dəfədə xətasız şəkildə meydana gəlmişdir. Çünki Allah, bütün bunları qüsursuz bir şəkildə yaratmışdır. İndi isə Allahın bu üstün yaratmasına nümunə olan bəzi canlıları nəzərdən keçirək.

Ağacdələnin kəlləsi
Ağacdələnlər, ağac qabığına endirdikləri zərbə ilə qabığı qoparar sonra da ortaya çıxan böcəkləri və qabığın altında gizlənmiş yumurtaları yeyərək qidalanarlar. Bu quşlar möhkəm, canlı ağaclarda özləri üçün oyuqlar açarlar. Bu oyuqları açarkən də, bir dülgər qədər məharətlə çalışarlar.
Böyük xallı ağacdələn növü dimdiyini saniyədə doqquz-on dəfə vurar, daha kiçik ağacdələnlərdə isə bu rəqəm on beş, iyirmiyə qədər yüksələr. Ən məharətli ağacdələn növlərindən biri də yaşıl ağacdələndir.
Yaşıl ağacdələn ağacları oyarkən, dimdiyi saatda yüz kilometrdən daha böyük bir sürətlə hərəkət edər. Lakin gilas böyüklüyündəki beyni bu sarsıntılardan təsirlənməz. İki vuruşu arasındakı zaman fərqi, saniyənin mində birindən azdır. Ağacdələndəki sirr, boyun əzələlərindədir. Vurmağa başladığında, baş və dimdik tam bir xətt üzərinə gəlir. Ən kiçik bir səhv, beyninin cırılmasına səbəb ola bilər.
  Bu cür sürətli bir vuruşun betona başla zərbə vurmaqdan hər hansı bir fərqi yoxdur. Quşun beyninin heç bir zədə almaması isə, ancaq fövqəladə bir dizayn sayəsində mümkündür. Quşların böyük bir hissəsində kəllə sümükləri bir-birinə yapışıqdır. Dimdik isə çənənin hərəkətiylə açılır. Halbuki, ağacdələnlərdə dimdik və kəllə, zərbə əsnasında yaranan süngərvari bir maddə ilə bir-birindən ayrılmışdır. Bu elastik maddə, avtomobil amortizatorındakı maddədən daha keyfiyyətlidir. Bu üstünlüyü, çox qısa fasilələrlə əmələ gələn sarsıntıları da aradan qaldıra bilməsindən irəli gəlir. Bu maddə hər zərbə nəticəsində yaranan sarsıntını aradan qaldırıb növbəti sarsıntını aradan qaldıracaq vəziyyətə gələ bilər. Üstəlik bunu saniyədə on dəfədən çox edilən dimdik vuruşlarında bacarır. Bu maddə müasir texnikanın təkmilləşdirdiyi ona bənzər bütün maddələrdən üstündür. Ağacdələnin kəlləsinin və üst dimdiyinin qeyri-adi bir üsulla bağlanmış olması, hər zərbədə beyninin yerləşdiyi hissənin dimdikdən uzaqlaşmasını və beləliklə də, sarsıntını aradan qaldıran ikinci bir mexanizmin meydana gəlməsini təmin edər.(51)

Birə: Böyük sıçrayışlar üçün ideal dizayn
Bir birə öz bədən hündürlüyünün 100 mislindən artıq bir hündürlüyə tullana bilər. Sizin eyni şeyi edə bilməyiniz üçün 200 metr hündürlüyə tullanmağınız lazımdır. Üstəlik, birə 78 saat dayanmadan tullanmağa davam edə bilər. Birə adətən beşinci sıçrayışdan sonra ayaqları üstünə düşməz, kürəyi və ya başı üstünə düşər. Lakin bu eniş onu gicəllətməz belə. Birənin yaralanmamasının səbəbi isə bədənindəki dizaynda gizlənmişdir.
Böcəyin skeleti bədəninin içində deyil. Skelet, bədəni əhatə edən yumşaq xitin təbəqəsinə yapışmış, sklerotin (sümük toxuması) adı verilən sərt bir qarışıqdan meydana gələr. Sklerotin (sümük toxuması) bütün bədəni əhatə edir. Bu xarici skelet bir-birinə qarşı məhdud ölçüdə hərəkət edə bilən çoxlu saydakı zireh təbəqəsindən meydana gələr. Məhz bu mükəmməl dizayn, sıçrayışdan sonra meydana gələn sarsıntıları aradan qaldırar və təsirsiz hala gətirər.
Digər tərəfdən birələrin qan damarları yoxdur. Bədənin daxili qismi tamamilə şəffaf, axıcı bir qanın içində üzür. Bütün daxili orqanlar bu hallarıyla sanki yumşaq yastıqlarla əhatələnmiş kimidir, bu səbəblə də ani təzyiq yüksəlmələrindən heç təsirlənməzlər. Qan, bütün bədənə paylanmış hava borucuqları vasitəsi ilə təmizlənər. Beləliklə də, daimi oksigen təminatı üçün lazım olan güclü bir nasosa da ehtiyac duyulmaz. Ürək bir balon şəklindədir və o qədər ağır bir ritimlə döyünər ki, sıçrayışlar nəticəsində yaranan dəyişikliklər demək olar ki, ona heç təsir göstərməz.
Elm adamları apardıqları tədqiqatlar nəticəsində birənin ayaq əzələlərinin, əslində həyata keçirdiyi böyük sıçrayışları reallaşdıracaq qədər güclü olmadığını müəyyənləşdirmişdir. Birənin göstərdiyi sıçrayış qabiliyyəti, əslində ayaqlarına əlavə olunmuş bir növ yay sistemindən qaynaqlanır. Bu yay sistemi, "resilin" adlı zülaldan təşkil olunmuş bir toxuma sayəsində çalışır. Bu maddənin xüsusiyyəti gərilərək saxladığı enerjinin 97%-ni sərbəst buraxa bilməsidir. Bu gün bazarda ən yaxşı elastik maddə üçün bu göstərici 85% qədərdir. Rezin xüsusiyyətinə sahib bu toxuma lent şəklindəki iki arxa ayağa yerləşdirilmişdir. Birə ayaqlarını bükdükdə ən qüvvətli əzələləriylə onu gərər və ayaqlar açılmağa başladığında saniyənin mində biri qədər qısa bir müddətdə bütün enerjisini sərbəst buraxar. Bu sayədə fövqəladə sıçrayışlar edə bilər.

Palıd böcəyi və dəlmə mexanizmi
Palıd böcəyi, adından da göründüyü kimi, palıd ağacının palıd qozası adlı meyvəsindən asılı bir həyat yaşayar. Cücünün başından olduqca uzun bir boru uzanar. Gövdəsindən belə daha uzun olan bu borunun ucunda da kiçik, lakin çox iti bir mişar dişi var.
Böcək normalda bu borunu yeriməsinə mane olmaması üçün, bədəniylə eyni istiqamətdə tutar. Bir palıd qozasının üstünə çıxdıqda isə, borunu ona doğru əyər. Bu halıyla tam bir qazma maşınına bənzəyir. Borusunun mişara bənzəyən ucunu palıd qozasına söykəyər. Hərəkətli başını bir sağa bir sola doğru çevirərək borunu hərəkət etdirər və palıd qozasını deşməyə başlayar. Cücünün başı bu iş üçün ideal bir dizayna sahibdir və fövqəladə bir hərəkət sərbəstliyi göstərər.
Cücü bu şəkildə qazma işini görərkən bir tərəfdən də borusu vasitəsilə palıd qozasının içindəki meyvəni yeyərək qidalanar. Ancaq meyvənin böyük hissəsinə toxunmaz; bunu yeni doğulacaq balası üçün saxlayar. Dəlmə əməliyyatı tamamlandığında, cücü açılan dəlikdən içəriyə bir ədəd yumurta buraxar. Yumurta, anasının palıd qozası içində açdığı kanalın içinə yerləşdikdən sonra sürfə halını alar. Sürfə palıd qozasını yeməyə başlayar. Yedikcə böyüyər, böyüdükcə də daha çox yeyər. Sürfə nə qədər çox yesə, palıd qozasının içində inkişafı üçün özünə o qədər çox yer açmış olar.
Bu vəziyyət, palıd qozasının bağlı olduğu budaqdan yerə düşənə qədər davam edər. Palıd qozası yerə düşərkən meydana gələn çarpma səsi və sarsıntı, sürfəyə artıq çölə çıxma vaxtının gəldiyini xəbər verər. Güclü dişləri sayəsində əvvəlcədən anasının açdığı dəliyi genişləndirər. Olduqca kökəlmiş sürfə, zorla da olsa özünü bu dəlikdən çölə çıxarar. Sürfənin bundan sonrakı ilk işi özünü torpağın 25-30 sm qədər altına quylamaqdır. Burada "pup" fazasından keçəcək və bir ildən beş ilədək müddət ərzində gözləyəcək. Tam yetkinləşib torpağın üzərinə çıxdıqda isə, bu dəfə də həmin palıd qozalarını deşməyə başlayar. Pup fazasının müddəti, yeni pöhrə verən palıd qozalarının əmələ gəlməsindən asılı olaraq dəyişir.(52) Palıd böcəyinin bu qəribə həyatı, təkamül nəzəriyyəsini çürüdən və Allahın canlıları nə cür qüsursuz dizaynlara sahib şəkildə yaratdığını göstərən bir dəlildir. Diqqət yetirilsə cücünün hər cür mexanizmi müəyyən bir plan əsasında dizayn olunmuşdur. Qazma borusu, bu borunun ucundakı kəsici dişlər və borunun istifadəsini təmin edən hərəkətli baş quruluşu, bütün bunlar təsadüflərlə və ya "təbii seleksiya" ilə izah oluna bilməz. Sahib olduğu uzun boru, qazma işini qüsursuz şəkildə icra etmədiyi müddətcə, heyvan üçün bir maneədən və dolayısilə bir problemdən başqa bir şey olmayacaq. Buna görə də "mərhələli şəkildə" inkişafın baş verdiyi iddia edilə bilməz.
Digər tərəfdən sürfənin sahib olduğu orqanlar və instinktlər də ortada "sadələşdirilməz komplekslikdəki" bir prosesin varlığını göstərir. Sürfənin palıd qozasının qabığını parçalayacaq güclü dişlərə sahib olması, çölə çıxdığı anda torpağın dərinliklərinə daxil olmasının lazım olduğunu "bilməsi" və burada gözləmək üçün də "səbr etməsi" məcburidir. Əks halda canlı nəslini davam etdirə bilməyəcək və yox olacaq. Bütün bunlar təsadüflərlə izah oluna bilməz və bu kiçik canlının çox üstün bir ağıl nümayişiylə yaradıldığını göstərər.
Allah bu kiçik canlını qüsursuz orqanlar və qüsursuz instinktlərlə yaratmışdır.
Çünki O, "qüsursuz şəkildə yaradan"dır. (Bəqərə surəsi, 54)

Bal arılarındakı müdafiə strategiyası
Yaponiyadakı eşşək arıları, Avropadan gətirilən bal arıları üçün tam bir düşməndir. Çapıb-talamaq məqsədiylə bir şana hücum edən 30 eşşək arısı, üç saat ərzində tam 30 000 bal arısını öldürə bilər. Lakin bunun müqabilində, yerli bal arıları da mükəmməl bir müdafiə mexanizminə sahib şəkildə yaradılmışlar.
Bir eşşək arısı, yeni bir arı koloniyası tapdıqda, bunu digər həmcinslərinə xəbər vermək üçün xüsusi bir qoxu ifraz edər. Qoxunu bal arıları da hiss etdiyindən, şanı müdafiə etmək məqsədiylə dərhal girişə toplanmağa başlayarlar. Bir eşşək arısı yaxınlaşdığında, 500-ə qədər bal arısı havalanıb dərhal onu əhatəyə alar. Bədənlərini sürətlə titrətməyə başlayarlar və bu da arıların bədən temperaturlarının artmasına səbəb olar. Bu əsnada eşşək arısı sanki bir sobada bişirilirmiş kimi qızar və nəticədə ölər. Bu cür bir hücumun istiliyə həssas plyonka ilə çəkilmiş fotoşəklində, görünən ağ bölgələrdəki istilik 50⁰ C-yə qədər yüksələr. Bal arılarının dözə bildiyi bu istilik, eşşək arıları üçün ölüm deməkdir.

Geri