Reaktiv üzmə sistemləri

w3layouts

Canlılar aləmində ən sürətlə qaçan, ən yaxşı üzən və ya ən uzaq yerlərə uçan heyvanlar onurğalılardır. Bu heyvanların bütün bu qabiliyyətlərinin altında yatan əsas səbəb sümük kimi sərt maddələrdən yaradılmış forma dəyişdirməyən skeletə sahib olmalarıdır. Bu sümüklər əzələlərin sıxılmasına böyük dəstək verir. Əzələ sıxılmaları isə daha sonra hərəkətli oynaqlar vasitəsilə daimi, nizamlı hərəkətlərə çevrilir.
Onurğasız heyvanlar isə, sümüksüz strukturlarından ötrü onurğalılara görə xeyli yavaş hərəkət edir.
Mürəkkəb balıqları da, hər nə qədər "balıq" adını daşısalar da, onurğasız canlılardır, bədənlərində sümük yoxdur. Ancaq çox qəribə bir sistem sayəsində olduqca üstün bir hərəkət qabiliyyətinə sahibdirlər. Yumşaq toxumalardan təşkil olunmuş bədənləri qalın bir dəri təbəqəsi ilə örtülmüşdür. Bu dəri təbəqəsinin altında yerləşən əzələlər vasitəsilə bədənlərinə su toplayar və daha sonra bu suyu güclü şəkildə püskürdərək üzərlər.
Mürəkkəb balığının su püskürməyə əsaslanan bu sistemi olduqca kompleksdir. Heyvanın başının iki tərəfində cibə bənzəyən bir yarıq mövcuddur. Bu yarıqdan aldığı suyu bədəninin içində yerləşən silindr formalı bir boşluğa çəkər. Daha sonra içəridəki bu suyu, tam başının altında yerləşən nazik bir borudan yüksək bir təzyiqlə püskürdər. Heyvan bu sayədə yaranan təsirdən əks istiqamətə doğru sürətlə hərəkət edər.
Bu üzmə texnikası həm sürət, həm də dözümlülük baxımından olduqca əlverişlidir. Elmi adı "todarodes pacificus" olan yapon mürəkkəb balıqları 2000 km-lik köçləri əsnasında saatda orta hesabla 2 km sürətlə hərəkət edirlər. Qısa məsafələr üçün sürətlərini saatda 11 km-ə qədər yüksəldə bilirlər. Bəzi cinslərin sürətlərinin isə saatda 30 km-i keçdiyi məlumdur.
Mürəkəb balıqları sürətli və ardıcıl sıxılmalar sayəsində, özlərini ovlamaq istəyən düşmənlərindən ani sürətlənmə ilə qaça bilər. Əgər qaçış sürəti kifayət etməzsə, bədənlərində sintez etdikləri tünd rəngli boyanı bir bulud şəklində püskürdərlər. Bu bulud hücum edən canlıda böyük bir çaşqınlığa səbəb olar. Bu bir neçə saniyəlik çaşqınlıq mürəkkəb balığı üçün kifayətdir. Yaratdığı buludun arxasında dayanıb görünməz hala gələn mürəkkəb balığı sürətlə həmin yerdən uzaqlaşar.
Müdafiə sistemləri və reaktiv üzmə üslubu, mürəkkəb balıqlarının ov etmələrinə də imkan verir. Ovlarının üzərinə sürətlə hücum edər və onları qovalaya bilərlər. Kompleks quruluşdakı mərkəzi sinir sistemləri, reaktiv üzmə üçün lazım olan sıxılmalar və genişlənmələrin harmonik şəkildə baş verməsinə nəzarət edər. Tənəffüs sistemləri də ideal bir quruluşdadır. Bu sistem onlara suyu püskürtmək üçün lazım olan yüksək maddələr mübadiləsi sürətini qazandırar.
Reaktiv sistemlə üzən tək heyvan mürəkkəb balığı deyil. Osminoqlar da reaktiv sistemə malikdir. Ancaq onlar fəal üzgüçülər deyillər; vaxtlarının böyük bir hissəsini dənizlərin dibində, yarıqların və qayaların içində və ya ətraflarında fırlanaraq keçirərlər.
Osminoqun daxili dəri qatı, bir-birinin üzərində yerləşən əzələ qatlarından təşkil olunmuşdur. Uzununa əzələlər, dairəvi əzələlər və radial əzələlər olaraq adlandırılan üç fərqli əzələ toxuması vardır. Bu toxumalar bir-birlərini tarazlayaraq və dəstəkləyərək osminoqun müxtəlif hərəkətlər etməsinə imkan verər.
Püskürtmə prosesi başlayanda dairəvi əzələlər qısalar. Ancaq həcmlərini qorumağa çalışdıqları üçün, bu dəfə də bədənləri genişlənər. Bu, bədənin uzanmasına səbəb ola biləcək bir hərəkətdir. Eyni anda uzununa əzələlər gərginləşər və bədənin uzanmasına mane olar. Dəri divarının qalınlaşmasına səbəb olan bütün bu hadisələr əsnasında radial əzələlər gərilmiş vəziyyətdə olar. Püskürtmənin sonunda radial əzələlər sıxılaraq qısala bilərlər. Bunun nəticəsində bədən divarı incələr, daxili boşluğun diametri artar və içərisi təkrar su ilə dolar.
Mürəkkəb balıqlarındakı əzələ sistemi də osminoqdakına bənzəyir. Lakin əhəmiyyətli bir fərq vardır: Mürəkkəb balığının bədənində, osminoqun uzununa yerləşən əzələləri əvəzinə, tunik (ingiliscə tunica) adı verilən lif təbəqəsi vardır. Tunik, uzununa əzələlər kimi heyvanın bədəninin daxili və xarici səthini örtən iki təbəqə halındadır. Tunik təbəqələrinin arasında dairəvi əzələlər yerləşir. Dairəvi əzələlərin arasında da bunları şaquli şəkildə kəsib keçən radial əzələlər yerləşir.

Geri