Rabitə və hədəf müəyyənləşdirmə sistemləri

w3layouts

Yarasaların radarı
Yarasalar çox qəribə varlıqlardır. Onları qəribə edən xüsusiyyətlərinin başında isə, fövqəladə istiqamət tapma qabiliyyətləri gəlir.
Yarasaların bu qabiliyyəti, elm adamları tərəfindən aparılan bir sıra təcrübələr sayəsində ortaya çıxarıldı. Bu canlıların quruluşundakı fövqəladə dizaynı görmək üçün, bu təcrübələrə bir az nəzər yetirək:  
Bu təcrübələrin ilkində, yarasa tamamilə qaranlıq bir otağa buraxıldı. Eyni otağın bir küncünə isə yarasanın qidası olan bir milçək yerləşdirildi. Bu andan etibarən otaqda olub bitənlər isə gecəgörmə kameralarıyla izlənildi. Milçək qanadlarını havada hələ təzə çırpmağa başladığı anda, otağın bir küncündən sürətlə hərəkətə başlayan yarasa düz milçəyin yanına gəlib onu ovladı. Tədqiqatçılar bu təcrübə sayəsində yarasaların qaranlıqda belə işləyən çox güclü bir hissetmə qabiliyyətinin olduğu nəticəsinə gəldilər. Amma görəsən yarasanın bunu hissetməsi, onun eşitmə duyğusundanmı, yoxsa sahib olduğu bir gecə görmə sistemindənmi qaynaqlanırdı.
Məhz bunun üçün ikinci bir təcrübə aparıldı. Eyni otağın bir küncündə, yerə bir qrup tırtıl buraxıldı və üzərlərinə bir qəzet səhifəsi örtüldü. Sərbəst qalan yarasa, heç vaxt itirmədən, yerdəki qəzet səhifəsini qaldıraraq tırtılları yedi. Bu, yarasanın istiqamət tapma qabiliyyətinin görmə hissiylə əlaqəli olmadığını göstərirdi.
Elm adamları yarasalarla əlaqədar təcrübələrinə davam etdilər: Yeni təcrübə uzun bir koridorda aparıldı. Bir uca yarasa, digər uca isə yem olaraq bir qrup kəpənək yerləşdiriləcəkdi. Ancaq bundan əvvəl koridoru eninə kəsən, bir-birinə paralel divarlar inşa edildi. Daha sonra da bu divarların hər birində ancaq bir yarasanın keçə biləcəyi böyüklükdə təkcə bir deşik açıldı. Amma dəliklər hər divarın fərqli bir yerində idi. Yəni yarasanın bu divarlardan keçməsi üçün sanki "slalom" yarışı keçirən xizəkçilər kimi daimi manevrlər etməsi lazım gələcəkdi.
Zülmət qaranlıq koridorun başındakı yarasanın sərbəst buraxılmasıyla birlikdə elm adamları müşahidələrinə başladı. Yarasa birinci divara çatanda düz deşiyə tərəf hərəkət edərək buradan asanlıqla keçdi. Bundan sonrakı hər divarda eyni şey müşahidə edildi: Yarasa nəinki divara dəymədi, hətta divar səthindəki deşikləri axtarmağa belə ehtiyac duymadı. Son divarı da rahatlıqla keçən yarasa burada tutduğu kəpənəklərlə qarnını doyurdu.
Bu vəziyyət qarşısında təəccüblərini gizlədə bilməyən elm adamları yarasanın bu xüsusiyyətindəki həssaslığı anlamaq üçün son bir təcrübə daha aparmağa qərar verdilər. Bu dəfə məqsəd yarasanın hissetmə hüdudlarını daha konkret müəyyənləşdirməkdi. Yenə uzun üstüörtülü bir keçid inşa edildi və bu üstüörtülü keçid boyunca da tavandan yerə doğru 0,6 mm qalınlığında, dağınıq halda gərilmiş polad tellər çəkildi. Yarasa, təcrübəçiləri bir dəfə daha təəccübləndirərək, gərilmiş tellərin heç birinə ilişmədən, bir dəfəyə aralarından keçərək səfərini müvəffəqiyyətlə tamamladı. Yarasanın bu uçuşu 0,6 mm qalınlığındakı telləri belə uzaqdan hiss etdiyini göstərirdi. Daha sonra aparılan digər tədqiqatlar, yarasaların bu inanılmaz hiss etmə qabiliyyətlərinin sahib olduqları bir hidrolokasiya sisteminə bağlı olduğunu göstərdi. Yarasalar ətraflarındakı cisimləri hiss etmək üçün yüksək tezlikli səs dalğaları yayırlar. İnsanlar tərəfindən eşidilməyən bu dalğaların əks-sədaları yarasa tərəfindən hiss edilir və beləliklə də heyvan içində olduğu mühitin bir növ "xəritə"sini  hazırlayırdı.(30)  Yəni yarasanın havada uçan kiçik bir milçəyi hiss etməsi çıxardığı səslərin milçəyə dəyib geri qayıtmasıyla yaranan əks-sədaya əsaslanırdı. Bu sistemin nə məna verdiyini bir qədər düşünək. Yarasanın hidrolokatorla istiqamət müəyyənləşdirməsi yaydığı səslərin özünə geri qayıtma müddətləri arasındakı fərqi hesablaması sayəsində mümkün olur. Məsələn, yarasanın qaranlıq və boş bir otaqda yerdəki tırtılı ovlaması təcrübəsini xatırlayaq. Yarasanın tırtılın varlığını hiss etməsi belə reallaşır: Yarasa cır səslə çığırır və özünə gələn əks-sədalara görə otağının formasını müəyyənləşdirir. Yarasanın qışqırığı otağın döşəməsinə dəyib geri qayıdır, yarasa da bu gedib-gəlmə müddətinə görə döşəmənin özündən olan uzaqlığını müəyyənləşdirmiş olur. Tırtıl isə, otağın döşəməsi üzərində 0,5 ya da 1 sm-ə qədər yüksəklik meydana gətirər. Yəni tırtıl yarasaya döşəmədən 0,5 ya da 1 sm. qədər daha yaxındır. Həmçinin tırtıl çox yavaş da olsa hərəkət edir, bu da özünə dəyib əks olunan dalğaların tezliyini dəyişdirir. Yarasa, bu kiçik fərqləri belə hiss edərək yerdə bir tırtıl olduğunu anlaya bilər. Yarasa bu işi saniyədə 20 min dalğa yayıb, bunların hamısının əks-sədalarını analiz edərək görər. Üstəlik bu işi görərkən hərəkət halındadır. Bütün bunlar düşünüldükdə, bunların ağıllara durğunluq verəcək bir möcüzə olduqları aydın olar.
Yarasanın hidrolokatorunun sisteminin daha da fövqəladə bir tərəfi vardır. Yarasanın eşitmə sistemi yalnız öz səsini eşidəcək şəkildə yaradılmışdır. Heyvanın qəbul edə bildiyi tezlik intervalı çox kiçikdir, yəni ancaq müəyyən tezlikdəki səsləri qəbul edə bilər. Ancaq məhz bu nöqtədə çox əhəmiyyətli bir problem ortaya çıxır. Dopler effekti deyilən fizika qanununa görə, hərəkət halındakı cismə dəyən səsin tezliyi dəyişir. Buna görə də, yarasa özündən uzaqlaşan bir milçəyə doğru səs dalğalarını yaydığında, qayıdan səs dalğalarının tezliyi yarasanın eşidə bilmədiyi bir intervala düşəcək. Bu səbəblə də yarasa hərəkətli cisimləri hiss etməkdə böyük çətinliklər yaşamalıdır.
  Amma belə olmaz. Yarasa hər cür cismi mükəmməl şəkildə hiss etməyə davam edər. Çünki yarasa, Dopler effektini bilirmiş kimi, hərəkət halındakı cisimlərə doğru göndərdiyi səs dalğalarını dəyişdirər. Məsələn, özündən uzaqlaşan milçəyə ən yüksək tezlikli səs dalğasını göndərər ki, səs geri qayıtdıqda eşitməyəcəyi qədər aşağı bir tezliyə enməsin.
Bəs onda bu tənzimləmə əməliyyatı necə baş verir?
Yarasanın beynində, hidrolokasiya sisteminə nəzarət edən iki fərqli tipdə neyron (sinir hüceyrəsi) vardır; bunlardan biri əks olunan ultrasəs dalğalarını hiss edər, digəri bəzi əzələlərə əmr verərək yarasanın çığırmasını təmin edər. Bu iki neyron beyində koordinasiyalı şəkildə çalışar; belə ki, əks-sədanın tezliyi dəyişəndə​​, birinci neyron bunu hiss edər və ikinci neyrona təzyiq göstərərək və ya onu xəbərdar edərək, qışqırığın tezliyinin əks-sədanın tezliyinə uyğun gəlməsini təmin edər. Nəticədə mühitin vəziyyətinə görə yarasanın qışqırığının tezliyi dəyişər və ən səmərəli şəkildə istifadə edilər.
  Bütün bu sistemin təkamül nəzəriyyəsinin "təsadüf" açıqlamasına endirdiyi zərbəni görməmək isə qeyri-mümkündür. Yarasadakı hidrolokasiya sistemi olduqca kompleks bir quruluşdur və əsla təsadüfi mutasiyalarla açıqlana bilməz. Sistemin işləyə bilməsi üçün, onun bütün incəlikləriylə və qüsursuz şəkildə var olması zəruridir. Yarasa həm yüksək tezliklərdə səs yayan struktura, həm bu səsləri qəbul edib, analiz edəcək orqanlara, həm də hərəkət dəyişikliklərinə görə tezliyi tənzimləyən sistemə sahib olmalıdır ki, sahib olduğu hidrolokator sistemi işə yarasın. Əlbəttə ki, bütün bunlar təsadüflərlə açıqlana bilməz və yarasanın qüsursuz bir şəkildə Allah tərəfindən yaradıldığını göstərər.
Elmi tədqiqatlar, yarasalardakı yaradılış möcüzələrinin yeni nümunələrini ortaya çıxarır. Ortaya hər yeni möcüzə çıxdıqda isə, elm dünyası bu fövqəladə sistemlərin necə işlədiyinin sirrini açmağa çalışır. Məsələn, ötən illərdə yarasalarla əlaqədar olaraq aparılan yeni bir tədqiqat ortaya çox maraqlı nəticələr çıxardı:  Mağarada yaşayan bir yarasa qrupunu tədqiq etmək istəyən elm adamları, qrup üzvlərinin bəzilərinə ötürücülər yerləşdirdilər. Gecə olduqda yarasalar çölə çıxaraq, gün doğana qədər gəzib qida ehtiyaclarını ödədilər. Elm adamları əllərindəki qəbul edicilərlə saatlar boyu davam edən bu səfəri izlədilər. Yarasaların vaxtaşırı şəkildə etdikləri bu səfərdən ötrü mağaradan 50-70 km qədər uzaqlaşdıqları müəyyənləşdirildi. Ancaq elm adamlarını təəccübləndirən əsl şey, günəşin doğulmasına yaxın yarasaların qayıtmağa başlaması oldu. Yarasalar qayıdarkən olduqları yerdən bilavasitə yuvalarına doğru uçdular. Bəs onda yarasalar mağaradan hansı istiqamətdə və nə qədər aralı olduqlarını necə bilirdilər?.
  Belə bir uçuşda istiqamətin necə təyin olunduğuna dair ətraflı məlumatlar hələ də əldə edilə bilmədi. Elm adamları, bu uçuşu həyata keçirən yarasaların eşitmə hissiyatının belə bir səfərdə elə də çox funksiya yerinə yetirə bilməyəcəyini düşünürlər. Eyni elm adamları, yarasaların kor olduqlarını da xatırladaraq, hər an özlərini təəccübləndirəcək qədər üstün olan yeni bir sistemlə qarşılaşa biləcəklərini ifadə edirlər. Bir sözlə elm, yarasa adını verdiyimiz canlılarda yeni yaradılış möcüzələri tapmağa davam edir.

ELEKTRİKLİ BALIQLAR
İlan balığının elektroşok silahı
Boyları bəzən 2 metrə qədər uzana bilən elektrikli ilan balıqları Amazon bölgəsində yaşayar. Bu balıqlarda bədənin üçdə ikisini əhatə edən və sayı 5000-dən 6000-ə çatan təbii elektrik plitələri vardır. Bunların meydana gətirdiyi elektrik gərginliyi 500 volt, şiddəti isə 2 amperdir. Bu, televizorunuzu işlətmək üçün istifadə etdiyiniz elektrik yükündən daha da güclü bir elektrik yüküdür.
Elektrik istehsal etmək qabiliyyəti, bu heyvana həm müdafiə, həm də mükəmməl bir hücum vasitəsi olaraq verilmişdir. Balıq, bədənində istehsal etdiyi bu elektriki düşmənlərini şoka salıb öldürməkdə istifadə edir. Balıqdan qaynaqlanan elektrik şoku 2 metr məsafədəki iribuynuzlu bir heyvanı belə öldürə biləcək gücdədir. Balığın elektrik istehsal etmə mexanizmi saniyənin mində ikisi və ya mində üçü qədər qısa bir müddətdə dövrəyə girər.
Heyvanın bu cür böyük bir enerjiyə sahib olması həqiqətən böyük bir yaradılış möcüzəsidir. Sistem son dərəcə mürəkkəbdir və "mərhələli şəkildə" inkişaf etməsi kimi bir ehtimaldan da söhbət gedə bilməz. Çünki balığın elektrik sistemi, tam olaraq işləmədiyi müddətcə, ona heç bir üstünlük verməyəcək. Digər bir sözlə, bu sistemin hər hissəsi eyni anda qüsursuz bir şəkildə yaradılmışdır.

Elektrik sahəsi sayəsində "görən" balıqlar
Təbiətdə yüksək elektrik yükləri ilə silahlanmış balıqlarla yanaşı, iki ya da üç volt kimi çox aşağı siqnallar yayan balıqlar da vardır. Ov etmək və ya müdafiə olunmaq işinə yaramayan bu zəif siqnallar görəsən nə işə yarayır?.
Bu balıqlar zəif elektrik siqnallarından bir duyğu orqanı kimi faydalanar. Allah, balıqların bədənində, siqnalları yaya bilən və bunları hiss edə bilən bənzərsiz bir duyğu sistemi yaratmışdır.
Balıq, yaydığı elektrik yükünü quyruğunda yerləşən xüsusi bir orqanda istehsal edər. Bu elektrik yükü, heyvanın bədəninin arxa hissəsinə paylanmış minlərlə dəlikdən siqnallar halında yayılır. Bu siqnallar balığı əhatə edən suda ani bir elektrik sahəsinin meydana gəlməsinə səbəb olar. Balığın yaxınlığındakı obyektlər isə, bu sahənin formasının pozulmasına səbəb olar. Balıq bu pozulmaları dərhal tiplərinə görə şərh edərək, ətrafdakı obyektlərin böyüklüyü, keçiriciliyi və hərəkəti haqqında məlumatlar əldə edər. Balığın bədənində, ətrafdakı elektrik sahəsinin yayılma arealını bir radar kimi daimi surətdə yoxlayan elektrik qəbulediciləri vardır.
Bir sözlə, bu balıqların bədənində ətrafa daimi surətdə elektrik siqnalları yayan, bir tərəfdən də bu siqnalların dəydiyi cisimləri şərh edən təbii bir radar vardır. İnsanların istifadə etdikləri radarların nə cür kompleks cihazlar olduqlarını düşündüyümüzdə, balığın bədənindəki yaradılışın mükəmməlliyi də ortaya çıxar.

Xüsusi məqsədli qəbul edicilər
Elektrikli balıqların bədənlərində müxtəlif tipdə reseptorlar vardır. “Lampaya bənzər” deyə adlanan reseptorlar, digər balıqların üzmə əzələlərinin və böcək sürfələrinin yaydığı alçaq tezlikli elektrik siqnallarını qəbul edər. Bu cür qəbuledicilər heyvanın, ov və ovçular haqqında məlumatlanması üçün faydalıdır. Bu reseptorlar o qədər yüksək həssaslığa malikdirlər ki, yerin maqnit sahəsini belə qəbul edərlər.
Ancaq lampaya bənzər deyə adlanan qəbuledicilər, heyvanın özünün yaydığı yüksək tezlikli siqnalları qəbul edə bilməz. Bu vəzifə “yumrulu” deyilən xüsusi reseptorlar tərəfindən yerinə yetirilir (bunlara ingiliscə “tuberous receptor” deyilir). Bu reseptorlar, balığın ətrafa yaydığı elektrik siqnallarını hiss edən və bu siqnallara görə bir növü ətraf mühitin xəritəsini hazırlayan radar xüsusiyyətli reseptorlardır.
Bu balıqlar sahib olduqları sistem sayəsində, bir tərəfdən həmcinslərinə asanlıqla çata bilər, digər tərəfdən də bir-birlərini təhlükələrə qarşı xəbərdar edə bilər. Bununla bərabər növ, yaş, böyüklük və cinsiyyətlə bağlı məlumatları da alıb verə bilər.

Cinslər arasındakı fərqi xəbər verən siqnallar
Hər elektrikli balıq növünün özünə məxsus bir siqnalı vardır. Hətta eyni növdəki balıqların siqnallarında belə bəzi fərqlər müşahidə olunur, ancaq ümumi struktur eynidir. Lakin hər fərddə özünəməxsus bəzi incəliklər vardır. Bir dişi balıq bir erkək balıqla qarşılaşdığında siqnallardakı bu fərqi dərhal anlayar ve qarşısındakının cinsiyyətini öyrənib ona görə davranar.

Balıqların yaşını xəbər verən siqnallar
Elektrik siqnalları balıqların yaşlarıyla əlaqədar məlumatları da özündə saxlayır. Yumurtadan yeni çıxan bir elektrikli balığın siqnalları yaşlılardan çox fərqlidir. Siqnallar doğumdan sonrakı on dördüncü günə qədər bu 'uşağa bənzər' formalarını saxlayar, daha sonra yetkin balığın normal siqnallarına çevrilər. Yeni doğulmuş balıqlara xas bu siqnallar, balıqların çox kompleks analıq-atalıq davranışlarının tənzimlənməsində əhəmiyyətli rol oynayar. Ata, itən balasını siqnallarından tanıyaraq yuvaya geri qaytara bilər.

Həyati fəaliyyətlər də siqnallarla bildirilir
Balıqlar, cinsiyyət və yaşla əlaqədar məlumatlarla yanaşı, daha kompleks olan başqa məlumatları da yenə elektrik siqnalları ilə çatdıra bilər. Elektrikli balıq növlərinin hamısında qorxutma mesajları, tezliyin birdən birə artması ilə verilir. Məsələn, normal vaxtlarda 10 hs tezlikli, yəni saniyədə 10 siqnal yayan mormirlər, bəzən qısa bir müddət ərzində, siqnal tezliklərini 100-120 hs-ə çatana qədər sürətləndirə bilərlər. Hərəkətsiz bir mormir, yaydığı qorxuducu elektrik siqnalları ilə düşməninə üzərinə hücum etmək üzrə olduğunu xəbər verər. Bu davranış, hücuma hazırlaşan bir insanın yumruğunu sıxması kimidir. Bu qorxutma siqnalı çox vaxt qarşı tərəfi çəkindirəcək qədər təsirlidir: Düşmən, qısa bir müddət üçün öz siqnalını kəsərək baş əydiyini göstərər. Aralarında döyüş baş verdisə və düşmən yaralandısa, yaralı təxminən 30 dəqiqə yaydığı siqnalı dayandıracaqdır. Sakitləşən və ya döyüşü dayandıran balıqlar, çox vaxt hərəkətsiz qalarlar. Bunun bir məqsədi, yerlərinin müəyyənləşdirilməsini çətinləşdirməkdir. Digər məqsəd isə, siqnal yaratmayıb elektriki cəhətdən kor olduqları üçün, ətrafdakı maneələrə çarpmamaqdıır.

Siqnalların qarışmasının qarşısı alan xüsusi sistem
Bəs görəsən bir elektrikli balıq, özüylə eyni siqnalları yaradan digər bir balıqla yan-yana gəlsə nə baş verəcəkdir?. Siqnallar bir-birinə qarışacaq və balıqların radarı işə yaramaz hala mı gələcəkdir?. Normalda belə olmalıdır. Amma elektrikli balıqlar bu qarışıqlığın qarşısını alacaq, təbii bir müdafiə sistemiylə birlikdə yaradılmışlar. Mütəxəssislər bu sistemə "qarışıqlığın qarşısını alma reaksiyası", qısa şəkildə JAR (Jamming Avoidance Response) adını verirlər. Bu sistemə görə, bir balıq özüylə eyni tezlikdə siqnal yayan digər bir balıqla qarşılaşdığında, özünün yaydığı siqnal tezliyini dərhal dəyişdirir. Qarışıqlığa qarşı tədbir, qarışıqlıq mənbəyi olan balıq hələ çox uzaqda olarkən görülməyə başlanılar. Beləliklə də siqnallardakı qarışıqlıq, heç vaxt yüksək səviyyəyə çata bilməz.
Bütün bu məlumatlar, elektrikli balıqların fövqəladə dərəcədə kompleks bədən sistemlərinə sahib olduğunu göstərir. Bu sistemlərin mənşəyi isə əsla təkamüllə açıqlana bilməz. Belə ki, Darvin, “Növlərin mənşəyi” adlı kitabının "Nəzəriyyənin çətinlikləri" başlıqlı hissəsində bu canlılardan bəhs etmiş və bunları nəzəriyyəsinə görə açıqlaya bilmədiyini qəbul etmişdir. Darvindən indiyədək keçən zaman ərzində isə, elektrikli balıqların Darvinin zənn etdiyindən daha kompleks bir dizayna sahib olduqları aydın olmuşdur.
Aydındır ki, elektrikli balıqlar da digər bütün canlılar kimi, Allah tərəfindən qüsursuz şəkildə yaradılmışdır və bizə özlərini yaratmış olan Allahın varlığını və sonsuz elmini göstərirlər.

Delfinin kəlləsindəki hidrolokator
Bir delfin, zülmət qaranlıqdakı suda özündən 3 km uzaqda yan-yana dayanan iki ayrı metal pulu bir-birindən ayırd edə bilər. Görərəkmi?. Xeyr, bunu gözləri ilə etməz. Kəllənin altında yerləşən mükəmməl dizayn olunmuş hidrolokasiya sistemi, ona bu kimi dəqiq təsbitlər etmə imkanı verir. Beləliklə də, cisimlərin forması, böyüklüyü, sürəti və strukturları haqqında çox ətraflı məlumatlar əldə edə bilər.
Bir delfinin bu hidrolokasiya sistemindən istifadə etməyi öyrənməsi vaxt ala bilər. Təcrübəli bir delfin üçün göndərdiyi bir neçə "siqnal" nəticə almasına kifayət etdiyi halda, gənclərin obyektləri müəyyənləşdirmələri üçün illərlə təcrübə aparmaları lazım gələ bilər.
Delfinlər hidrolokatorlarından yalnız ətrafları haqqında məlumat toplamaq üçün istifadə etmir. Bəzən 3-4 delfin bir balıq sürüsünün ətrafında üzər. Bu əsnada hamısı birdən yüksək səs dalğaları yayar. Bu dalğalar balıqların səndələməsinə səbəb olacaq qədər şiddətlidir. Delfinlərin bundan sonra görəcəkləri tək iş, səndələnən balıqları rahatlıqla ovlayıb yeməkdir. Yetkin bir delfin, insan qulağının eşidə bilməyəcəyi böyüklükdə (20 000 hers və daha artıq) səs dalğaları yayır. Bu dalğalar başının ön hissəsində yerləşən və "melon (qovun)" adlanan bir bölgədən qaynaqlanar. Heyvan başını hərəkət etdirərək dalğaları istədiyi istiqamətə doğru yönəldə bilər. Hidrolokator dalğası bir maneə ilə qarşılaşdığı zaman, dərhal əks olunaraq geri qayıdar. Alt çənə, reseptor vəzifəsi yerinə yetirərək əks-sədanı daxili qulağa ötürər. Alt çənə ilə daxili qulaq arasındakı sinus boşluqları isə, "lipid" adı verilən bir yağ birləşməsi ilə doludur. Bu yağ dalğanın qulağa ötürülməsi məqsədilə oraya yerləşdirilib. Daxili qulaq məlumatları beyinə göndərir. Bu məlumatlar beyində təhlil edilir və şərh olunur. Bənzəri lipid strukturları balinalardaki hidrolokatorlarda da mövcuddur. Əks olunan dalğalar fərqli lipidlərdən keçərkən fərqli xüsusiyyətlər göstərər. Bu xüsusiyyətlər qayıdan dalğaların şərh olunmasında açar rolunu oynayır. Lipidlər əks olunan dalğalardan istifadə edə bilmək üçün, doğru forma və sırada yerbəyer edilmək məcburiyyətindədirlər. Hər bir lipid özünə məxsus xüsusiyyətlərə sahibdir və normal balina yağından fərqlidir. Hər lipid çox sayda fermentin istifadə etdiyi kompleks kimyəvi əməliyyatlar nəticəsində yaradılır. Delfinin bu hidrolokasiya sisteminin təkamül nəzəriyyəsinin iddia etdiyi kimi mərhələli şəkildə meydana gəlməsi qeyri-mümkündür. Çünki lipidlər, tam şəkildə yaranana, doğru yerə və formaya gələnə qədər, işə yaraya bilməzlər. Balığın hidrolokasiya sisteminin işləməsi üçün alt çənəsinin, daxili qulaq sisteminin və beyindəki analiz mərkəzinin də qüsursuz şəkildə işləməsi lazımdır. Sistem "sadələşdirilməz kompleks" bir quruluşa malikdir və bu da mərhələli şəkildə meydana gəlməsinin qeyri-mümkün edir. Buna görə də, bu sistemin qüsursuz bir şəkildə Allah tərəfindən yaradılmış olduğu açıqdır.

Bir ünsiyyət anının hekayəsi
Düşünsəniz, bir çox dəfə tanış biriylə üz-üzə gəlib salamlaşdığınızı xatırlayarsınız. Bəs sizin üçün bir-iki saniyəlik bir müddət olan bu hadisənin, olduqca uzun və mürəkkəb bir hekayəsinin olduğunu bilirdinizmi?.
Bir axşamüstü dəniz sahilində iki adamın ayrı-ayrı oturduqlarını fərz edin. Yaxşı dost olmalarına baxmayaraq, hələ də bir-birlərini görməyiblər. Adamlardan birinin, hələ də görmədiyi dostuna doğru üzünü çevirməsi, bir biokimyəvi hadisələr zəncirini başladar: Dostunun bədənindən əks olunan işıq, saniyədə 10 trilyon foton (işıq hissəciyi) keçəcək şəkildə göz bəbəyinə çatar. İşıq əvvəlcə bu göz büllurunun daha sonra da göz yuvalarını dolduran mayenin içindən keçər və torlu qişanın üzərinə düşər. Torlu qişanın üzərində, "konus hüceyrələr" və "çubuq hüceyrələr" deyə adlandırılan təxminən yüz milyon hüceyrə vardır. Çubuq hüceyrələr işıqlıq və qaranlığı ayırd edə bildiyi halda, konus hüceyrələri rəngləri seçə bilər.
Çöldəki cisimlərə görə, torlu qişanın fərqli nöqtələrinə fərqli işıq seli düşər. Nümunəmizdəki adamın dostunu gördüyü anı düşünək. Dostunun üzündəki bəzi nöqtələr, məsələn, tünd rəngli qaşları, torlu qişadakı bəzi hüceyrələrə çox zəif bir işıq düşməsinə səbəb olar. Bu hüceyrələrin yanında yerləşən digər bir qrup hüceyrə isə, dostunun alnından gələn işıqla təmasda olur, yəni daha çox işıq alır. Dostunun bütün üz cizgiləri, ətrafdakı digər təfərrüatlar də daxil olmaqla, bu şəkildə torlu qişanın fərqli hüceyrə qruplarına fərqli işıqlar salar.
Bəs torlu qişanın üzərinə düşən bu işıqlar necə bir təsir meydana gətirər?.
Bu sualın cavabı həqiqətən də çox mürəkkəbdir və başa düşülməsi də bir qədər çətindir. Amma gözdəki fövqəladə dizaynı araşdıra bilmək üçün, bu cavabı araşdırmağımız yerində olacaq.

Görmənin kimyəvi tərkibi
Fotonlar torlu qişadakı hüceyrələrə toxunduqlarında, sanki bir-birinin ardınca məharətlə düzülmüş domino daşlarını hərəkətə keçirər. Bu domino daşlarının ilki, "11-cis-retinal" adı verilən və fotonlardan təsirlənən bir molekuldur. Həmin bu molekul, özünə foton isabət etdiyi anda formasını dəyişdirər. Ardınca isə 11-cis-retinala bağlı olan "rodopsin" adlı zülalın da forması dəyişər. Rodopsin bu sayədə, daha əvvəl hüceyrənin içində mövcud olan, amma qeyri-uyğun formasından ötrü qarşılıqlı təsir prosesinə girə bilmədiyi "transdusin (ingiliscə transducin)" adlı başqa bir zülalla birləşə biləcək hala gələr.
Transdusin, rodopsinlə reaksiyaya girmədən əvvəl QDF adlı başqa bir molekula bağlanmış vəziyyətdədir. Rodopsinə bağlandığı anda, QDF-dən ayrılır və QTF adlı yeni bir molekula bağlanır. Artıq 2 zülal (rodopsin və transdusin) və bir kimyəvi molekul (QTF) bir-birinə bağlanmış vəziyyətdədir. Bu yeni quruluşa "QTF-transdusinrodopsin" adı verilər.
Ancaq hələ əməliyyat yeni başlamışdır. QTF-transdusinrodopsin adlı yeni birləşmə, hüceyrənin içində əvvəlcədən mövcud olan "fosfodiesteraz" adlı başqa bir zülalla bağlanmaq üçün uyğun bir quruluşdadır. Bu bağlanma əməliyyatı vaxt itirilmədən dərhal reallaşar. Bu bağlanma əməliyyatının nəticəsində isə fosfodiesteraz zülalı, yenə daha əvvəldən hüceyrə içində mövcud olan sQMF adlı bir molekulu parçalama xüsusiyyəti qazanır. Bu əməliyyat bir neçə ədəd deyil, milyonlarla zülal tərəfindən reallaşdırıldığı üçün, hüceyrənin içindəki sQMF nisbəti sürətlə azalar.
Bəs bütün bunların görmə ilə əlaqəsi nədir?. Bu sualın cavabını tapmaq üçün, bu maraqlı kimyəvi reaksiya zəncirinin son mərhələsinə baxaq. Hüceyrə içindəki sQMF sıxlığının azalması, hüceyrə içindəki "ion kanalları"na təsir göstərəcək. İon kanalları dediyimiz şey, hüceyrə içindəki natrium ionlarının sayını tənzimləyən zülallardır. Əslində sQMF molekulları hüceyrəyə kənardan natrium ionları daşıyır, başqa bir molekul isə artıq ionları kənarlaşdırır və beləliklə də, tarazlıq təmin edilir. Ancaq sQMF molekullarının sayı azaldıqda, hüceyrədəki natrium ionlarının da sayı azalır. Bu azalma hüceyrə daxilində elektrik tarazsızlığı yaradır. Bu elektrik tarazsızlığı, hüceyrəyə bağlı olan sinir hüceyrələrinə təsir göstərər və bizim "elektrik xəbərdarlığı" dediyimiz şey meydana gələr. Sinirlər bunları beyinə ötürər və orada da "görmə" dediyimiz əməliyyat baş verər.
Bir sözlə, tək bir foton, torlu qişadakı hüceyrələrin təkcə birinə toxunmuş və bir-birinin ardınca baş verən zəncirvari reaksiyalar sayəsində hüceyrənin bir elektrik xəbərdarlığı meydana gətirməsini təmin etmişdir. Bu xəbərdarlığın şiddəti fotonon enerjisinə görə dəyişər, beləliklə də, bizim "güclü işıq", "zəif işıq" dediyimiz anlayışlar meydana gələr. İşin ən maraqlı tərəfindən biri, yuxarıda izah etdiyimiz bütün bu kompleks reaksiyaların, ən uzağı saniyənin mində biri qədər qısa bir müddətdə olub bitməsidir. Daha da qəribəsi, bu zəncirvari reaksiya tamamlandığı anda, hüceyrə içindəki bəzi xüsusi zülalların, 11-cis-retinal, rodopsin, transdusin kimi şeyləri yenidən əvvəlki hallarına qaytarmış olmasıdır. Gözə daima fotonlar gəlir və gözün həssas hüceyrələrində gedən zəncirvari reaksiyalar, fotonların hər birinin qəbul edilməsini təmin edir.
Burada qısa şəkildə yekunlaşdırdığımız bu görmə əməliyyatının əslində daha da mürəkkəb təfərrüatları vardır. Ancaq bu səthi izah belə, nə qədər möhtəşəm bir sistemlə qarşı-qarşıya olduğumuzu göstərməyə kifayət edər. Gözün içində elə kompleks, elə təfərrüatlı şəkildə düşünülərək meydana gətirilmiş bir sistem vardır ki, gözün içində baş verən kimyəvi reaksiyalar, adı Ginnes Rekordlar kitabına yazılmış məşhur domino daşları nümayişlərini xatırladır. Bu nümayişlərdə on minlərlə domino daşı, növbəti domino daşını yıxacaq şəkildə düzülür və sonra da yalnız ilk daşın yıxılması ilə bütün sistem hərəkətə keçir. Domino daşlarından ibarət zəncirin bəzi nöqtələrində maraqlı mexanizmlər qurulur, məsələn, bir daşın yıxılması kiçik bir kranı hərəkətə keçirir, kran, uzağa daşıdığı tək bir domino daşını tam lazımi nöqtəyə qoyub aşıraraq yeni bir zəncirvari yıxılma başladır.
Əlbəttə ki, belə bir domino nümayişi izləyən bir insan, bütün bu daşların və mexanizmlərin, olduqları yerə, küləklə, sellə və ya zəzələ ilə "təsadüfən" gəldiklərini düşünməz. Hər daşın böyük bir diqqət və şüurla öz yerinə yerləşdirildiyi aydındır. İnsan gözündəki zəncirvari reaksiya da, "təsadüf" sözünü ağla gətirməyin belə axmaq olduğunu göstərir. Sistem çox fərqli hissələrin çox həssas tarazlıqlarla bir yerə gəlməsiylə meydana gəlmişdir və açıq bir "dizayn"ın göstəricisidir. Göz, qüsursuz şəkildə yaradılmışdır.
Tanınmış biokimyaçı Michael Behe “Darvinin qara qutusu” adlı kitabında gözün kimyəvi quruluşu və təkamül nəzəriyyəsi haqqında bu şərhi verir:
Görmənin qara qutusunun ağzı artıq açılmış və Darvinin 19-cu əsrdə etdiyi, dövrümüzdəki təkamülçülərin də hələ də etməyə davam etdiyi kimi, bütün gözün yalnız anatomik quruluşunu qiymətləndirən təkamülçü şərhlər artıq kifayət etmir. Darvinin sadə olduğunu zənn etdiyi anatomik mərhələlərin və strukturların hər biri, həqiqətdə sözlərlə ört-basdır edilə bilməyəcək, heyrətamiz dərəcədə kompleks olan biokimyəvi prosesləri əhatə edir.

Görmə prosesinin davamı
Bura qədər izah etdiklərimiz, yalnız sahildəki adamın, dostundan əks olunaraq gözünə gələn fotonlarla olan ilk təmasıdır. Torlu qişa hüceyrələri, bir qədər əvvəl izah etdiyimiz kompleks kimyəvi əməliyyatlar sayəsində fotonları qəbul etmiş və elektrik siqnallarını meydana gətirmiş olar. Bu siqnallarda elə bir məlumat vardır ki, barəsində danışılan dostun üzü, bədəni, paltarı, saçının rəngi, ya da üzündəki kiçik bir iz belə işlənmişdir. Yalnız bu adamın deyil, ətrafdakı hər cismin ən kiçik incəliyi belə nəzərdən qaçırılmamış və elektrik siqnalları halında kodlanmışdır. Amma bir də bu siqnalların beynə çatdırılması lazımdır.
Torlu qişa molekullarının hərəkətiylə xəbərdar edilən sinir hüceyrələri (neyronlar), reaksiya verər. Bu reaksiya kimyəvidir; bir neyron hərəkətə keçdiyi anda səthindəki zülal molekulları birdən formalarını dəyişdirər. Bu hərəkət, müsbət elektrik yükünə sahib natrium atomlarının axımının qarşısını alar. Elektrik yüklü atomların axımındakı bu dəyişiklik, hüceyrənin içində gərginlik fərqinin yaranmasına səbəb olar. Gərginlik fərqi, elektrik siqnalı deməkdir. Bu siqnal, millimetr növündən ifadə edilən bir məsafəni qət etdikdən sonra sinir hüceyrəsinin ucuna çatar. Lakin burada bir problem var: İki sinir hüceyrəsi arasında bir boşluq var və elektrik siqnalının bu boşluq manesindən keçməsi üçün xüsusi bir tədbir görülməsi lazımdır. Necə ki, bu tədbir görülmüşdür: İki sinir hüceyrəsi arasında olan bəzi xüsusi sərbəst molekullar, siqnalı daşıma işini öhdələrinə götürürlər. Bir millimetrin dörd bir hissəsi ilə qırxda bir hissəsi qədər bir məsafə qət edərək digər neyrona çatır və mesajı təkrar göndərir. Torlu qişadan gələn elektrik xəbərdarlığı, bu sayədə bir neyrondan digər bir neyron hüceyrəsinə çatdırılaraq hərəkət edər və beynə çatar.
Bu xüsusi siqnallar buradan vizual korteksə gedər. Bu vizual korteksin qalınlığı 2,5 mm, tutduğu yer isə 13 kv. m2 olub, bir-birinin üstündə yerləşmiş toxuma qatlarından meydana gəlmişdir. Bu təbəqələrin birində təxminən 17 milyon neyron vardır. Gələn siqnalı ilk öncə 4-cü təbəqə qəbul edər. İlk olaraq təhlil edər və məlumatı digər qatlardakı neyronlara çatdırar. Hər mərhələdə hər bir neyron digər bir neyrondan siqnal qəbul edə bilər.
Bu sayədə kənardakı adamın görünüşü beynin korteks mərkəzində qüsursuz bir şəkildə meydana gəlir. Ancaq bir də bu adamın tanına bilməsi  üçün, yaddaş hüceyrələrinə baxılması, bu adamın üzü ilə yaddaşda bu adama aid məlumatların müqayisə olunması lazımdır. Bu iş də müvəffəqiyyətlə həyata keçirilir. Ən kiçik bir incəlik belə unudulmaz. Hətta adamın üzü, beyin korteksindəki görünüşdə, yaddaşdakı sifət məlumatına görə bir qədər rəngsiz olarsa, adam bu fərqi hiss edəcək və "dostumun üzü bu gün görəsən niyə solğundur" deyə düşünəcək.

Salamlaşma
Beləliklə bir saniyədən daha da qısa bir müddətdə, "görmə" və "tanıma" kimi iki ayrı möcüzə baş vermiş olar.
Yüz milyonlarla işıq hissəciyindən gələn məlumat, sahildəki adamın şüuruna çatmış, emal prosesindən keçmiş, bu vaxt yaddaş yoxlanılmış və beləliklə də, adam öz dostunu tanımışdır.
Tanışlıqdan sonra salamlaşma hissəsi gələcəkdir. Adam, tanış insanlara qarşı verməsi lazım olan reaksiyanı, yenə saniyənin mində biri qədər bir müddət ərzində yaddaş hüceyrələrindən tapıb çıxardacaq. Məsələn, gülümsəməsinin və "salam" deməsinin lazım olduğunu müəyyənləşdirir. Bundan sonra da, üz əzələlərinə nəzarət edən beyin hüceyrələri dövrəyə girəcək və bu əzələlərə bizim "gülümsəmə" olaraq bildiyimiz hərəkəti etmələri üçün əmr verəcək. Bu əmr yenə neyronlarla ötürüləcək və əzələlərdə yenə olduqca mürəkkəb əməliyyatlar başlayacaq.
  Eyni anda bir sıra əmrlər də boğazdakı səs tellərinə, dilə və çənə əzələlərinə gedəcək və "salam" səsinin çıxarılması üçün lazımi əzələ hərəkətlərini başladacaq. Bu səs çıxdığı anda, hava molekulları bir yerə cəmlənib uzaqlaşmağa və özünə salam verilən dostun qulağına doğru getməyə başlayır. Bu səs dalğaları qulaq seyvanı tərəfindən toplanır. Səs, səfəri əsnasında saniyənin əllidə bir hissəsində 6 m yol qət edər.
Adamın iki qulağının içində titrəşən hava, sürətlə orta qulağa qədər olan məsafəni qət edər. 7,6 mm diametrində olan qulaq pərdəsi titrəməyə başlayar. Bu titrəyiş üç kiçik sümüyə ötürülər. Beləliklə də, səs titrəyişləri mexaniki titrəyişlərə çevrilər. Daha sonra isə bu sümüklərdəki titrəyişlər daxili qulağa ötürülər və buradakı ilbizə bənzəyən latınca koklea (ilbiz) adlı strukturun daxili boşluğunda olan perilimfa mayesini hərəkətə keçirər.
Kokleanın içində fərqli səs tonları bir-birindən ayırd edilir. Kokleanın içində, eynilə bir musiqi aləti olan arfadakı tellər kimi, müxtəlif qalınlıqdakı incə tellər uzanır. Adamın dostunun səsi hal-hazırda, elə bil, bu telləri çalır. "Salam" səsi, başlanğıcda aşağı tondan başlamış sona doğru isə yüksəlmişdir. Əvvəlcə qalın tellər, sonra isə incə tellər titrəşər. Nəticədə daxili qulaqdakı on minlərlə çubuq formalı cisimcik, öz titrəyişlərini eşitmə sinirlərinə ötürər.
Artıq "salam" səsi yalnız bir elektrik siqnalıdır. Bu siqnal, eşitmə sinirləri içində beynə doğru sürətlə hərəkət edər. Sinirlərdəki bu səfər, siqnallar beyindəki eşitmə mərkəzinə çatana qədər davam edər. Nəhayət adamın beynindəki trilyonlarla neyronun böyük bir qismi, əldə edilən görmə və eşitmə məlumatlarını qiymətləndirər. Adam dostunu qavramış və onun salamını almışdır. İndi eşitdiyi salama cavab verəcəkdir. Yüzlərlə əzələnin, saniyənin çox kiçik hissələrində bir-biriylə mükəmməl uyğunluqla çalışması nəticəsində meydana gələn danışma hərəkəti baş tutacaq: Cavab vermək üçün beyində formalaşan düşüncə, əvvəlcə danışılan dilə görə formalaşdırılır. Beyindəki broka zonası deyilən və beynin nitq mərkəzlərini əhatə edən sahə, fəaliyyətdə iştirak edəcək bütün əzələlərə lazımi əmrləri göndərir.
Əvvəlcə ağciyər "isti hava" təmin edir. İsti hava, nitqin xam maddəsidir. Bu mexanizmin ilk mərhələsi, atmosferdəki oksigenli havanın içəri çəkilməsidir. Hava adamın burnundan daxil olar, burun boşluğu, boğaz, nəfəs borusundan bronxlara, oradan da ağciyərlərə keçər. Havadakı oksigen ağciyərlərdə qana qarışar. Qandakı tullantı maddəsi olan karbon qazı isə havaya buraxılar. Artıq hava ağciyərlərdən çıxaraq çölə çıxmağa hazırdır.
Ağciyərlərdən geri qayıdan hava boğazdan keçərkən, səs telləri deyilən iki toxuma qıvrımı arasından keçər. Bu tellər, bir növ pərdəyə bənzəyir. Bağlandıqları kiçik qığırdaqların göstərdiyi təsirə görə hərəkət edərlər. Adam danışmadan əvvəl tellər açıq vəziyyətdədir. Danışıq əsnasında bir yerə gətirilir və nəfəs verərkən çıxan hava ilə titrəşdirilir. Bu səsin tonunu da müəyyənləşdirər. Tellər gərildikcə ton yüksələr.
Hava səs tellərindən keçmək surətiylə səsləndirilmişdir. Səsləndirilmiş hava, boğazın nəzarəti altında burun və ağız vasitəsilə xaricə çatdırılır. Adamın ağız və burun quruluşu, səsinə özünəməxsus xüsusiyyətlər verər. Dil damağa müəyyən qədər yaxınlaşıb uzaqlaşır, dodaqlar isə büzülüb yayılır. Bu əməliyyatlarda bir çox əzələ, böyük bir sürətlə hərəkət edər.
Adamın dostu eşitdiyi səsi, dərhal yaddaşındakı köhnə səs qeydləri ilə qarşılaşdırar. Bu qarşılaşdırma sayəsində səsin "tanış" bir səs olduğunu dərhal anlayır. Artıq iki tərəf də bir-birini tanımış və salamlaşmışdır.
Bütün bu izah etdiklərimiz, yalnız iki dostun bir-birlərini görüb qarşılıqlı salamlaşa bilmələri üçün baş tutmalıdır. Bütün bu fövqəladə əməliyyatlar, ağlasığmaz bir sürətlə və qüsursuz şəkildə reallaşar. Bizim isə bunlardan xəbərimiz belə olmaz. Sanki çox asan və sadə bir iş görürmüş kimi, görər, eşidər və danışarıq. Halbuki, bunların baş tutması üçün qurulmuş sistemlər və baş tutan əməliyyatlar, xəyal belə edə bilməyəcəyimiz qədər mürəkkəbdir.
Bu kompleks sistem, təkamül nəzəriyyəsinin əsla izah edə bilmədiyi bənzərsiz dizaynlarla doludur. Görmə, eşitmə və fikir yürütmə qabiliyyətlərinin necə meydana gəldiyi, əsla təkamülün "təsadüf" inancıyla izah oluna bilməz. Əksinə, bütün bunların çox üstün bir Yaradıcı tərəfindən qüsursuz şəkildə yaradıldığı və bizə verildiyi aydındır. İnsan, öz görmə, eşitmə və ya düşünmə qabiliyyətini təmin edən sistemlərin necə işlədiyini belə tam şəkildə qavramaqdan aciz olduğu halda, bu sistemləri yoxdan yaratmış olan Allahın sonsuz ağlı və gücü ortadadır.
Allah Quranda insanı bu həqiqət üzərində düşünməyə və bunun müqabilində şükr edən olmağa dəvət edir:
Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz (Nəhl surəsi, 78)
Başqa bir ayədə isə belə buyurulur:
Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.  (Muminun surəsi, 78)

Geri