Qüsursuz uçuş maşınları: Quşlar

Təkamülçülər, quşların bir şəkildə təkamül keçirmiş olmalarının lazım olduğuna inandıqları üçün, bu canlıların sürünənlərdən meydana gəldiklərini iddia edirlər. Halbuki, quruda yaşayan canlılardan tam fərqli bir quruluşa sahib quşların heç bir bədən mexanizmi, mərhələli təkamül modeli ilə açıqlana biləcək vəziyyətdə deyil. Hər şeydən əvvəl quşu quş edən ən əhəmiyyətli xüsusiyyət, yəni qanadlar, təkamül üçün çox böyük bir düyün nöqtəsidir. Türk təkamülçülərdən Engin Korur qanadların təkamül keçirməsinin qeyri-mümkünlüyünü belə etiraf edir:
"Gözlərin və qanadların ortaq xüsusiyyəti, ancaq tamamilə təkmilləşdikləri təqdirdə vəzifələrini yerinə yetirə bilmələridir. Digər bir sözlə, əskik gözlə görmək, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə meydana gəldiyi təbiətin hələ də yaxşı açıqlanmamış sirlərindən biri kimi qalmışdır".
Göründüyü kimi, qanadların bu qüsursuz quruluşunun necə olub da, bir-birinin ardınca baş verən təsadüfi mutasiyalar nəticəsində əmələ gəldiyi sualı tamamilə cavabsızdır. Bir sürünənin ön ayaqlarının, genlərində meydana gələn pozulma (mutasiya) nəticəsində necə qüsursuz bir qanada çevriləcəyini əsla izah etmək mümkün olmur.
Həmçinin, quruda yaşayan bir canlının quşa çevrilə bilməsi üçün yalnız qanadlarının olması da kifayət deyil. Quruda yaşayan bir canlı, quşların uçmaq üçün istifadə etdikləri digər bir çox strukturlu mexanizmdən məhrumdur. Məsələn, quşların sümükləri quruda yaşayan digər canlılara nisbətən daha çox yüngüldür. Ağciyərləri daha çox fərqli bir quruluş və funksiyaya malikdir. Müxtəlif bir əzələ və skelet quruluşuna sahibdirlər və daha xüsusiləşmiş bir ürək-damar sistemləri vardır. Bu mexanizmlər, yavaş-yavaş, "yığılaraq" meydana gələ bilməz. Buna görə də quruda yaşayan canlıların quşlara çevrilməsi nəzəriyyəsi tam bir cəfəngiyyatdır.

Quş tüklərinin quruluşu
Quşların sürünənlərdən təkamül yolu ilə meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsi, bu iki ayrı canlı sinfi arasındakı nəhəng fərqləri əsla izah edə bilmir. Quşlar; içi boş yüngül sümüklərdən ibarət olan skelet strukturları, özlərinə məxsus ağciyər sistemləri, istiqanlı maddələr mübadilələsi kimi xüsusiyyətləriylə sürünənlərdən çox fərqlidir. Quşlarla sürünənlərin arasına keçilməz bir uçurum qoyan digər bir xüsusiyyət isə, tamamilə quşlara məxsus bir quruluş olan tüklərdir.
Tüklər quşlara bu qədər qəribəlik verən estetik ünsürlərdən ən əhəmiyyətlisidir. "Tük kimi yüngül" sözü, tükün o zərif quruluşundakı mükəmməlliyi izah etmək üçün istifadə edilər.
Təməldə zülal quruluşuna sahib olan tüklər keratin adı verilən bir maddədən əmələ gətirilmişdir. Keratin, dərinin alt təbəqələrindəki yaşlı hüceyrələrin qida və oksigen mənbələrindən uzaqlaşaraq ölməsi və yerlərini gənc hüceyrələrə təhvil verməsi nəticəsində yaranan sərt və dözümlü bir maddədir.
Quş tüklərindəki dizayn heç bir təkamül prosesi ilə izah oluna bilməyəcək qədər mürəkkəbdir. Elm adamı Alan Feduccia, "mexanik, aerodinamik mükəmməllik təmin edən" tüklərin, "ovsunlayıcı mürəkkəb bir quruluşa sahib" olduğunu söyləyər.(17)
Bir təkamülçü olmasına baxmayaraq, Feduccia həmçinin bunu da etiraf edir:
Tüklər uçuş üçün mükəmməl bir uyğunluq içindədirlər; çünki yüngüldürlər, möhkəmdirlər, aerodinamik formaya sahibdirlər və bir-birinə keçən qarmaqlı çalpaşıq strukturlara sahibdirlər.
Tüklərdəki bu dizayn, Çarlz Darvini də çox düşündürmüş, hətta tovuz quşu tüklərindəki mükəmməl estetika Darvini "xəstə etmiş"di. Darvin, dostu Asa Graya yazdığı 3 aprel 1860-ci il tarixli məktubda "gözü düşünmək bir çox dəfə məni nəzəriyyəmdən soyutdu. Amma özümü zamanla bu problemə alışdırdım" dedikdən sonra sözünə belə davam edirdi:
Bu dövrdə isə təbiətdəki bəzi diqqətə çarpan strukturlar məni olduqca narahat edir. Məsələn, bir tovuz quşunun tüklərini görmək, məni az qala xəstə edir.

Tükcüklər və qarmaqcıqlar
Əgər bir quş tükünə mikroskop altında baxsaq və onu araşdırsaq, qarşımıza fövqəladə bir dizayn çıxar. Tüklərin ortasında hamımızın bildiyi uzun və möhkəm bir boru vardır. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Uzunluqları və yumuşaqlıqları fərqli olan bu tüklər quşa aerodinamik xüsusiyyət qazandırar. Ancaq daha da qəribəsi, bu tüklərin hər birinin üzərində də, "tükcük" deyilən və gözlə görülməyəcək qədər kiçik olan, daha da kiçik tüklərə rast gəlinməsidir. Bu tükcüklərin üzərində isə "qarmaqcıq" adı verilən kiçik qarmaqlar vardır. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki bir zəncirbənd kimi yapışır. Bu möhtəşəm yaradılışı daha yaxından görmək üçün durnaların tüklərinin yalnız birini ələ alaq. Bu tək bir tükün üzərində, tük borusunun hər iki tərəfində uzanan 650 ədəd incə tük vardır. Bunların hər birində isə 600 ədəd qarşılıqlı tükcük var. Bu tükcüklərin hər biri isə, 390 dənə qarmaqcıqla bir-birlərinə bağlanır. Qarmaqcıqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə keçmişdir. Bir-birinə qarmaqcıqlarla keçən tükcüklər, o qədər bitişikdir ki, tüstü üfürüləcəyi təqdirdə belə aralarından keçə bilməz. Qarmaqcıqlar hər hansı bir şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha ağır hallarda dimdiyiylə tüklərini düzəltməsi tüklərin əvvəlki halına qayıtması üçün kifayətdir.
Quşlar həyatlarını davam etdirə bilmək üçün tüklərini daim təmiz, baxımlı və hər an istifadəyə hazır saxlamaq məcburiyyətindədirlər. Tüklərin baxımı üçün quyruqlarının dibində olan yağ kisələrindən istifadə edərlər. Dimdikləriylə bu yağdan bir miqdar götürərək, tüklərini təmizləyər və parıldadarlar. Bu yağ, üzən quşlarda, suyun içində və ya yağış altında olarkən suyun dəriyə çatmasına mane olar.
Üstəlik, quşlar tüklərini qabardaraq, soyuq havalarda bədən temperaturlarının düşməsinin qarşısını alarlar. İsti havalarda isə tüklərini bədənlərinə yapışdıraraq, bədənlərinin sərin qalmasını təmin edərlər.

Tük növləri
Bədənin müxtəlif yerlərində olan tüklərin hər birinin vəzifəsi fərqlidir. Quşun qarın hissəsindəki tüklərlə, qanad və quyruq hissələrindəki tüklər bir-birindən fərqli xüsusiyyətlərə malikdir. Böyük tüklərdən ibarət olan quyruq tükləri sükan və əyləc vəzifəsini yerinə yetirər. Qanad tükləri isə, qanad çırpma əsnasında açılaraq səthi genişlədəcək və qaldırma qüvvəsini artıracaq bir quruluşdadır. Quşun qanadını aşağı doğru çırpması əsnasında, tüklər bir-birlərinə yaxın vəziyyətə gələrək, aralarından hava keçməsinin qarşısı alınar. Qanadların yuxarıya doğru qalxması əsnasında isə tüklər xeyli açılaraq aralarından havanın keçməsinə imkan verən əlverişli bir vəziyyətə gələrlər. Quşlar, uça bilmə qabiliyyətlərini qoruya bilmək üçün müəyyən dövrlərdə tük tökərlər. Köhnəlmiş və ya cırılmış böyük tüklər, vəzifələrini tam olaraq yerinə yetirə bilmədikləri üçün sürətlə yenilənərlər.

UÇUŞ MAŞINININ XÜSUSİYYƏTLƏRİ
Quşları araşdırdığımızda, bədənlərinin bütün xüsusiyyətlərinin uçuş üçün xüsusi olaraq dizayn olunduğunu görərik. Sıxlığın aşağı salınması və beləliklə də, ağırlığın azaldılması üçün sümüklərin içi boş olaraq yaradılmış və bədənə hava kisələri yerləşdirilmişdir. Nəcisin qatı olmayıb yarım maye halında olması, bədəndə lazımsız su tutulmasının və beləliklə də, ağırlığın artmasının qarşısını alar. Tüklər də həcmlərinə görə olduqca yüngül strukturlardır.
Quşlardakı bu xüsusi strukturları sıra ilə araşdıraq.
1- Skelet
Quş sümüklərinin içinin boş olmasına baxmayaraq, skelet, heyvanın sahib olduğu qüvvətə görə artıqlamasıyla güclüdür. Məsələn, 18 sm uzunluğundakı baltadimdik quşu, bir zeytun toxumunu qırmaq üçün ona dimdiyiylə 68,5 kq-lıq bir qüvvə tətbiq edə bilər. Quruda yaşayan canlıların skeletlərindən daha "yığcam" bir quruluşa sahib quş skeletində çiyin, omba və döş qəfəsi qurşaqları bir-birinə keçmiş şəkildə birləşmiş vəziyyətdədir. Bu dizayn quşa daha möhkəm bir quruluş qazandırır. Skeletin digər bir xüsusiyyəti, başda ifadə etdiyimiz kimi digər bütün onurğalı canlıların skeletindən yüngül olmasıdır. Məsələn, bir göyərçinin skeleti, heyvanın ümumi bədən ağırlığının yalnız 4,4% -ni təşkil edir. Bir freqat quşunun sümüklərinin ümumi ağırlığı isə 118 qramdır və bu göstərici, heyvanın tüklərinin ümumi ağırlığından daha azdır.
2 - Tənəffüs Sistemi
Quruda yaşayan canlılarla, quşların tənəffüs sistemləri də bir-birlərindən tamam fərqli prinsiplərlə işləyir. Bunun səbəbi quşların oksigen ehtiyacının quruda yaşayan canlılara nisbətən daha çox olmasıdır. Məsələn, bir kolibri quşunun oksigen ehtiyacı bir insanınkından təxminən 20 dəfə çoxdur. Buna görə də, quruda yaşayan bir canlının ağciyəri, quşun ehtiyac duyduğu lazımi miqdardakı oksigeni təmin edə bilməz. Bu səbəblə də, quşların ağciyərləri çox fərqli bir şəkildə dizayn edilmişdir.
Quruda yaşayan canlıların ağciyərləri "ikitərəfli" bir quruluşa malikdir: Nəfəs alma əsnasında, hava ağciyərdəki şaxələnmiş kanallar boyunca hərəkət edər və kiçik hava kisəciklərində dayanar. Oksigen-karbondioksid mübadiləsi burada həyata keçirilir. Ancaq daha sonra, istifadə edilmiş bu hava, tam əks istiqamətdə hərəkət edər və gəldiyi yolu izləyərək ağciyərdən çıxar, əsas bronx yoluyla da çölə buraxılar.
Quşlarda isə hava ağciyər kanalı boyunca "tək istiqamətdə" hərəkət edər. Ağciyərlərin giriş və çıxış kanalları bir-birlərindən fərqlidir və hava daimi surətdə ağciyər daxilində tək istiqamətdə hərəkət edər. Beləliklə də quş, havadakı oksigeni fasiləsiz surətdə qəbul edə bilər. Beləliklə də, quşun yüksək enerji ehtiyacı ödənilmiş olur. Tanınmış bir biokimyaçı olan Michael Denton, “Evolution: A Theory in Crisis” (Təkamül: Böhran İçindəki Bir Nəzəriyyə) adlı əsərində bu məsələni belə izah edir:
"Quşlarda əsas bronx, ağciyər toxumasını meydana gətirən borulara ayrılar. Parabronx deyə adlandırılan bu borular sonunda təkrar birləşərək, havanın ağciyərlər boyunca tək bir istiqamətdə daimi hərəkətini təmin edəcək sistemi meydana gətirərlər... Quşlardakı ağciyərlərin quruluşu və ümumi tənəffüs sisteminin fəaliyyəti tamamilə spesifikdir. Quşlardakı bu "qan dövranı" sistemi başqa heç bir onurğalının ağciyərində yoxdur. Bu sistem bütün quş növlərində eynidir".
Kitabın davamında isə belə mükəmməl bir sistemin mərhələli təkamüllə meydana gələ bilməyəcəyini bu şəkildə ifadə edir:
"Belə tam fərqli bir tənəffüs sisteminin, yavaş-yavaş kiçik dəyişiklərlə, onurğalılara məxsus standart tənəffüs sistemi dizaynından təkamül yolu ilə meydana gəldiyi iddiası, düşünülmədən ortaya atılmış bir müddəadır. Tənəffüs prosesinin bu təkamül prosesi tərəfindən tamamilə fasiləsiz surətdə qorunması, orqanizmin həyatını davam etdirməsi üçün zəruridir. Ən kiçik bir əskik funksiya ölümlə nəticələnəcək. Quş ağciyəri də, içində şaxələnmiş halda yerləşən parabronxlar və bu parabronxların hava ilə təmin edilməsinə zəmanət verən hava kisəsi sistemi ilə birlikdə ən yuxarı səviyyədə inkişaf edənə və birlikdə, iç-içə keçmiş mükəmməl bir şəkildə öz funksiyasını icra edənə qədər, bir tənəffüs orqanı kimi öz vəzifəsini yerinə yetirə bilməz".
Bir sözlə, quruya məxsus ağciyər tipindən havaya məxsus ağciyərə tipinə keçid, ara-keçid mərhələsində olan bir ağciyərin heç bir fuksiyasının olmamasından ötrü qeyri-mümkündür. Ağciyəri işləməyən bir canlı isə bir neçə dəqiqədən çox yaşaya bilməz. Çünki mutasiyaların, özünü təsadüfən xilas etmələrini gözləyəcək milyonlarla ili yoxdur.
Quş ağciyərinin bu bənzərsiz quruluşu, uçuş üçün lazım olan yüksək miqdardakı oksigen ehtiyacını ödəmək istiqamətində, çox mükəmməl bir dizaynın varlığını göstərir. Yalnız quşlara məxsus bu anatomiyanın şüursuz mutasiyaların məqsədsiz bir nəticəsi ola bilməyəcəyini görmək üçün, cüzi bir sağlam düşüncə kifayətdir. Aydındır ki, quş ağciyəri, canlıların Allah tərəfindən yaradıldıqlarının saysız dəlilindən yalnız biridir.
3-Müvazinət sistemi
Allah bütün canlılar kimi quşları da qüsursuz bir şəkildə yaratmışdır. Bu həqiqət, hər incəlikdə özünü bəlli edər. Quşların bədənləri, uçuş əsnasında mümkün ola biləcək bir müvazinətsizliyin qarşısının alınması məqsədiylə xüsusi bir dizaynla yaradılmışdır. Heyvanın uçuş əsnasında önə doğru əyilməsinin qarşısını almaq üçün, başı xüsusi olaraq yüngül yaradılmışdır: Bir quşun başının ağırlığı, orta hesabla bədən ağırlığının yalnız 1%-ni təşkil edər.
Tüklərin aerodinamik quruluşu da quşların müvazinət sistemindəki əhəmiyyətli bir xüsusiyyətdir. Xüsusilə də qanad və quyruq nahiyələrindəki tüklər, quşa çox təsirli bir müvazinət sistemi təmin edir.
Bu xüsusiyyətlər, bir qızılquşun (falcon pereginus) saatda 384 km sürətlə ovuna gedərkən, heç bir şəkildə müvazinətini itirməməsini təmin edər.
4 - Güc və enerji problemi
Bir hadisələr zənciri şəklində baş verən hər bir proses, istər biologiya, istərsə də kimya və ya fizika elmlərini maraqlandırsın, "enerjinin saxlanılması qanunu"na uyğun şəkildə inkişaf edər. Bunu ümumi şəkildə; "müəyyən bir işin görülə bilməsi üçün müəyyən miqdarda enerji lazımdır" şəklində də izah edə bilərik.
Enerjinin saxlanılması qanununun təəccüblü bir nümunəsini, quşların uçuşunu müşahidə etdiyinizdə görə bilərsiniz. Köçəri quşların, uçuşa başlamadan əvvəl, səfərlərini tamamlamalarını təmin edəcək miqdarda enerji toplamaları vacibdir. Buna baxmayaraq, uçmağın digər bir şərti də mümkün qədər yüngül ola bilməkdir. Uçmaq üçün, qarşılığı nə olursa olsun artıq çəkidən uzaq durulmalıdır. Bu vaxt yanacağın da mümkün qədər məhsuldar olması vacibdir. Yəni yanacaq miqdarının minimum səviyyədə olması təmin edilərkən, verdiyi enerjinin maksimum olması lazımdır. Bunların hamısı quşlar üçün həll edilməsi lazım olan problemlərdir.
İlk addım ən qənaətli uçuş sürətinin müəyyənləşdirilməsidir. Əgər quş çox yavaş uçsa, havada asılı qalması üçün çox enerji sərf etməsi lazım olacaq. Çox sürətli uçsa da, bu dəfə də meydana gələn hava müqavimətini üstün gəlmək üçün çox yanacaq işlətməli olacaq. Belə olduqda isə, yanacağın ən az miqdarda işlədilməsi üçün ideal bir uçuş sürətinin lazım olduğunu görərik. Bu arada bunu da xatırlatmaq lazımdır ki, skeletlərinin və qanadlarının aerodinamik quruluşlarındakı fərqlilikdən ötrü hər quş üçün fərqli bir ideal sürət mövcuddur.
Bu enerji problemini Sakit okean qızılı cüllüt quşu (latınca pluvialis fulva) üzərində araşdıraq: Bu quş, qışı keçirmək üçün hər il Alyaskadan Havay adalarına köç edər. Fasiləsiz uçuşu əsnasında gedəcəyi yol üzərində heç bir ada olmaz. Buna görə də quşun uzun səfəri əsnasında heç bir istirahət imkanı yoxdur. Gedəcəyi məkan başlanğıc nöqtəsindən 4000 km məsafədədir və bu məsafə fasiləsiz surətdə təxminən 250 min dəfə qanad çırpılmasını tələb edir. Səfər 88 saatdan artıq davam edər.
Quşun səfərə başlayarkən ağırlığı 200 qramdır. Bunun 70 qramı, yolda yanacaq kimi istifadə ediləcək yağlardan ibarətdir. Ancaq ornitoloqlar, bir qızıl yağış quşunun bir saat uçmaq üçün xərclədiyi enerjini müəyyənləşdirmiş və quşun 88 saatlıq uçuş üçün ən azı 82 qram yanacaq sərf etdiyi nəticəsinə gəlmişdirlər. Yəni quşun yanacağında 12 qramlıq bir kəsr vardır və hesablamalara görə Havay adalarına çatmadan yüzlərlə kilometr əvvəl enerjisinin bitməsi və dənizə düşməsi lazımdır.
Amma bu hesablamalara baxmayaraq, qızıl yağış quşları heç vaxt dənizə düşməz və hər il müvəffəqiyyətlə Havay adalarına çatarlar. Bəs onda bu canlıların sirri nədir?.
Bu quşları yaradan Allah, onlara uçuşlarını asanlaşdıracaq və səmərəli hala gətirəcək bir üsul ilham etmişdir. Quşlar təsadüfi bir şəkildə deyil, sürü halında uçar. Uçarkən də hamısı müəyyən bir sıraya daxil olar və havada bir "V" şəkli meydana gətirərlər. Bu V şəkli, qarşılaşdıqları hava müqavimətini azaldır. Bu uçuş nizamı o qədər effektivdir ki, quşlar bu sayədə enerjiyə təxminən 23% qənaət edərlər. Bu şəkildə, yerə endiklərində əlavə olaraq da 6-7 qram yağları qalmış olar. Bu artıq yağ isə lazımsız deyil, belə ki, külək əks istiqamətdən əsdikdə istifadə ediləcək ehtiyat yanacağıdır.
Bu fövqəladə vəziyyət qarşısında bu sualları vermək lazımdır:
Uçuş üçün nə qədər yağ lazım olduğunu quş haradan bilir?
Bu qədər yağ miqdarını tam səfərdən əvvəl necə tənzimləyə bilir?
Uçuş məsafəsini və tam olaraq nə qədər yanacaq istifadə edəcəyini necə hesablaya bilər?
Quş Havay adalarının təbii şəraitinin Alyaskadan daha yaxşı olduğunu haradan bilir?
Quşların bu məlumatları əldə etmələri, bunlara uyğun hesablama işləri aparmaları və bu hesablama işlərinə uyğun toplu uçuşlar həyata keçirmələri qeyri-mümkündür. Bu isə, gördükləri işlərin həqiqətdə quşlara "ilham edildiyini", bu canlıların üstün bir güc tərəfindən istiqamətləndirildiklərini göstərər. Necə ki, Quranda "cərgələr halında uçan quşlar"a diqqət çəkilir və bu canlıların Allahın özlərinə ilham etdiyi bir şüura sahib olduqları xəbər verilir:
Məgər göylərdə və yerdə olanların, həm də cərgələr halında uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir. (Nur surəsi, 41)
Məgər onlar başları üzərində cərgələr halında pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi, 19)

Həzm sistemi
Uçmaq çox güc tələb edir. Buna görə də quşlar, bədən kütlələriylə müqayisədə ən çox əzələ toxumasına sahib canlılardır. Maddələr mübadiləsinin sürəti də əzələlərin sərf etdiyi güclə doğru nisbətdə nizamlanmışdır. Bir canlıdakı maddələr mübadiləsi sürəti, temperaturdakı 10 dərəcəlik bir artımla orta hesabla iki mislinə çıxar. Bir sərçənin 42 dərəcəlik, bir qaratoyuğun isə 43,5 dərəcəlik bədən temperaturları, maddələr mübadilələrinin nə qədər sürətli çalışdığını göstərir. Quruda yaşayan bir onurğalıya, yalnız ölüm gətirəcək bu bədən temperaturu, enerji istifadəsini və beləliklə də, gücü artıran bir amil kimi, quşlar üçün həyati əhəmiyyət daşıyar.
Quşlar bu qədər çox enerji sərf etdikləri üçün, yedikləri qidaları da çox yaxşı şəkildə həzm edəcək bir quruluşa malikdir. Quşların həzm sistemi, qəbul edilən qidanın ən effektiv şəkildə qiymətləndirilməsini təmin edər. Məsələn, böyüməkdə olan bala leylək, yediyi 3 kq qidayla 1 kq ağırlıq qazanar. Bu nisbət, eyni qidalarla bəslənən məməlilərdə 10 kq-a müvafiq 1 kq ağırlıqdır. Quşların qan dövranı sistemi də, yenə də yüksək enerji ehtiyacına uyğun şəkildə yaradılmışdır. İnsanın ürəyi dəqiqədə orta hesabla 78 dəfə döyünərkən, bu rəqəm sərçədə 460, ağcaqanadda isə 615-dir. Aktiv uçma çox yüksək bir enerji tələb etdiyi üçün, qan dövranı da quruda yaşayan canlılara görə daha da sürətli gedir. Bu yüksək maddələr mübadiləsi sürəti və enerji sərfi üçün lazım olan oksigen, xüsusi "hava tipli" ağciyərlər vasitəsilə bədənə alınar.
Quşlar belə böyük enerji sərf edərlər, amma bu enerjidən də çox böyük səmərə ilə istifadə edərlər. Quruda yaşayan canlılarla müqayisədə həm yüksək miqdarda enerji sərf edərlər, həm də həmin enerjidən böyük səmərəylə istifadə edərlər. Məsələn, köç əsnasında bir qaranquş hər kilometrdə 2,5 kilo kalori enerji sərf etdiyi halda, bu göstərici kiçik bir məməlidə 41 kilo kaloridir.
Quşları quruda yaşayan canlılardan fərqləndirən bu xüsusiyyətlərin heç biri mutasiyalarla meydana gələ bilməz. Əgər bu xüsusiyyətlərdən hər hansı birinin təsadüfi mutasiyalarla meydana gəldiyi fərz edilsə, (belə ki, bu qeyri-mümkündür) bu xüsusiyyət belə özlüyündə heç bir məna ifadə etməyəcək. Uçmaq üçün lazım olan yüksək miqdardakı enerjini təmin edən maddələr mübadiləsinin meydana gəlməsi, hava tipli bir ağciyər olmadan heç bir işə yaramayacaq, əksinə qeyri-kafi oksigen qəbulundan ötrü canlının boğularaq ölməsinə səbəb olacaq. Əvvəlcə hava tipli ağciyər meydana gəldikdə isə, canlı ehtiyacdan olduqca çox oksigen alacaq və bunun nəticəsində zərər görəcək. Digər bir qeyri-mümkünlük skelet quruluşundan qaynaqlanır: Quş, bir şəkildə hava tipli ağciyərə və metabolik adaptasiyalara sahib olsa belə, yenə də havalana bilməyəcəkdir. Çünki canlı nə qədər güclü olarsa olsun, quruda yaşayan bir canlının ağır və sümükləri bir-birindən aralı yerləşən skelet quruluşuyla havalanması qeyri-mümkündür. Qanadların əmələ gəlməsi isə, başda da qeyd etdiyimiz kimi, tam fərqli və yenə qüsursuz bir "dizayn" tələb edir.
Bütün bunlar bizi tək bir nəticəyə gətirir: Quşların mənşəyini, təsadüfi bir inkişafla və dolayısilə təkamül nəzəriyyəsiylə açıqlamaq qeyri-mümkündür. Yer üzündəki minlərlə fərqli quş növü, bugünkü quşların sahib olduğu bütün fiziki xüsusiyyətlərə sahib şəkildə "bir anda" yaranmışdır. Digər bir sözlə, Allah tərəfindən ayrı-ayrılıqda yaradılmışdır.

Geri