Qurbağalardakı çoxalma möcüzələri

w3layouts

Bir çox adam qurbağaların yalnız, kiçik yumurtalardan çıxan "çömçəquyruq" adlı balaların inkişafı ilə çoxaldıqlarını zənn edir. Halbuki, olduqca heyrətamiz çoxalma formaları olan qurbağa növləri vardır.
Qurbağalar, çox fərqli mühitlərdə yaşaya biləcək xüsusiyyətlərdə yaradılmışlar. Buna görə də, Antarktidadan başqa bütün qitələrdə yaşaya bilərlər: Səhralarda, meşələrdə, çəmənliklərdə və hətta yüksəkliklərdə, hündürlüyü 5000 m-i keçən Himalay və And dağlarında belə yaşayan qurbağa növləri vardır. Ən sıx cəmləşdikləri yerlər isə tropik bölgələrdir. 2 kvadrat kilometrlik bir yağış meşəsi sahəsində təxminən 40 fərqli növdə qurbağaya rast gəlinmişdir.
Qurbağaların bəzi növlərində təkcə erkəklər, bəzi növlərində təkcə dişilər, bəzi növlərində isə hər ikisi də birlikdə balalara gözətçilik edər. Kosta Rikada yaşayan "kiçik ağacadırmananlar fəsiləsi"nin erkəkləri, yumurtaların başında onlar çatlayana qədər 10-12 gün keşik çəkərlər. Dünyaya gələn çömçəquyruqlar inanılmaz bir səy göstərib dişinin kürəyinə dırmaşar və ananın kürəyinə sanki bağlanmış kimi yapışarlar. Balaların yapışma işi tamamlandıqda dişi qurbağa meşədə olan Bromeliad növünə aid ağaclardan birinə dırmaşar. Bu ağacın havaya baxan açıq hissələrində qədəh şəklində çiçəklər mövcuddur. Çiçəklərin içi isə su doludur. Ana qurbağa bu çiçəklərə çatdıqda balalarını çiçəyin içinə qoyar. Balalar artıq burada etibarlı şəkildə böyüyəcək.
Ancaq bu su kütləsində balaların qidalanmasını təmin edəcək hər hansı bir yemək yoxdur. Bu səbəblə də ana qurbağa, balaların yetkinləşməsi üçün lazım gələn 6 həftə ərzində tez-tez su kütləsinə baş çəkərək mayalanmış bir yumurta qoyar. Çömçəquyruqlar, zülal və karbohidrat baxımından xeyli zəngin olan bu yumurtanı yeyərək qidalanır.
İngiliscə hypsiboas rosenbergi adlı qurbağalar isə yumurtalarının yerləşdiyi sahəni qoruyan digər bir qurbağa növüdür. Bu növün erkəkləri, baş barmaqlarının dibində yerləşən və iynəyə bənzəyən çıxıntılarla yaradılmışlar. Əgər başqa bir erkək qurbağa yumurtalara yaxınlaşarsa, bu çıxıntılarla onun dərisini parçalayarlar.
Kiçik Afrika quru qurbağası (nectophryne afra) olaraq tanınan digər bir növdə isə, erkək qurbağalar göl və sakit axan suların kənarlarında palçıqdan yuvalar inşa edərlər. Bu hovuzcuqlar su ilə doludur. Qurbağa bu su kütləsinin səthində nazik bir lent təbəqəsi meydana gətirərək yumurtaların buna ilişib qalmasını təmin edər. Bu sayədə yumurtalar su səthində qalaraq oksigen qəbul edər. Kiçik bir sarsıntı, məsələn, bir qurbağanın sıçraması və ya bir iynəcənin sərt şəkildə şığıması belə səthdəki lenti cıraraq yumurtaların dibə çökməsinə səbəb olacaq. Bu vəziyyətdə də yumurtalar oksigen çatışmazlığından öləcək. Buna görə də, erkək qurbağalar yumurtaların başında səbirlə keşik çəkər. Keşik çəkdikləri bu müddətdə ayaqlarını suya vuraraq yumurtalara daha çox oksigen gəlməsini təmin edərlər.
Qarın nahiyəsindəki dəri şəffaf olduğu üçün "şüşə qurbağaları" adını alan digər bir qurbağa növü isə balalarının başında keşik çəkməz. Allah onlara başqa bir üsul ilham etmişdir: Yumurtalarını, tropik qurşaqda yerləşən göl və çayların səthinə çıxan qaya və bitkilərə yapışdırırlar. Yumurtalar yarıldıqda isə çömçəquyruqlar suya düşər. Fərqli qurbağa növlərinin balalarını qorumaq üçün göstərdikləri bütün bu şüurlu və fədakar davranışlar darvinizmin təməl fərziyyələrini çürüdür. Bütün canlıların yalnız özlərini düşündüklərini və təbiətdə eqoist bir həyat mübarizəsi olduğunu irəli sürən darvinizm, tək bir qurbağanın balalarını qorumaq üçün göstərdiyi səy qarşısında belə çıxılmaz vəziyyətdədirlər. Üstəlik, bu canlıların göstərdikləri ağıllı davranışlar da, darvinizmin iddia etdiyi kimi təsadüflərlə izah oluna bilmir. Qeyd olunan davranışlar, bu canlıları Allahın yaratdığını və hamısının Onun verdiyi motivlərlə hərəkət etdiklərini göstərir. Allah bir Quran ayəsində canlılarda insanlar üçün açıq-aydın dəlillər olduğunu belə bildirmişdir:
Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda dəqiq məlumatla inanan insanlar üçün neçə-neçə dəlillər vardır (Casiyə surəsi, 4)

Mədədə çoxalan qurbağalar
Avstraliyada yaşayan rheobatrachus silus növünə aid qurbağaların istifadə etdikləri möhtəşəm çoxalma üsulu, Allahın canlıları nə cür üstün dizaynlarla yaratdığının bir nümunəsidir. Dişi rheobatrachuslar, mayalandıqdan sonra öz yumurtalarını udarlar. Amma bu yumurtalarla qidalanamq üçün deyil, onları qorumaq üçün. Yumurtalardan çıxan çömçəquyruqlar mədədə qaldıqları 6 həftə ərzində daim inkişaf edərlər. Bəs çömçəquyruqlar həzm olunmadan uzun müddət necə mədədə qala bilirlər?.
Bunun üçün qüsursuz bir sistem yaradılmışdır. Əvvəlcə ana qurbağalar, bu 6 həftəlik çoxalma mövsümündə, heç nə yeməz və heç nə içməzlər. Bu sayədə mədələri yalnız balaları üçün ayrılar. Ancaq digər bir təhlükə, mədənin mütəmadi surətdə ifraz etdiyi xlorid turşusu və pepsindir. Bu ifrazatların əslində balaları çox qısa müddətdə parçalayıb öldürməsi lazımdır. Ancaq bunun müqabilində çox xüsusi bir tədbir alınmışdır. Ana qarnındakı mayelər, yumurta kapsulalarından, daha sonra da çömçəquyruqlardan ifraz olunan "prostaqlandin E2" adlı ifrazatla təsirsiz hala gətirilər. Beləliklə də, balalar bir turşu hovuzu içində üzmələrinə  baxmayaraq, etibarlı bir şəkildə böyüyər.
Yaxşı, amma bu çömçəquyruqlar analarının mədəsində nə ilə qidalanar?. Bu problem üçün də xüsusi bir çıxış yolu yaradılmışdır. Bu növün yumurtaları, digər qurbağa növlərinin yumurtalarına görə olduqca böyükdür. Bunun səbəbi isə, yumurtaların içinə balanı bəsləmək üçün zülal baxımından çox zəngin bir yumurta sarısı təbəqəsinin yerləşdirilmiş olmasıdır. Bu yumurta sarısı, balaları 6 həftə ərzində bəsləmək üçün kifayətdir. Doğum anı da qüsursuz şəkildə planlaşdırılmışdır. Balalar mədədən çıxıb xarici aləmə addım atarkən, ananın qida borusu eynilə doğum anındakı uşaqlıq yolu kimi genişləndirilər. Balalar çölə çıxdıqdan sonra isə ana yemək yeməyə başlayar və mədə əvvəlki halına qayıdar.
Rheobatrachus silus növünə aid qurbağaların bu qeyri-adi çoxalma üsulu, təkamül nəzəriyyəsini çox açıq şəkildə rədd edir. Çünki bu çoxalma sistemi, tamamilə "sadələşdirilə bilməz komplekslik" xüsusiyyətinə malikdir. Sistemin müvəffəqiyyət qazana bilməsi və dolayısilə qurbağanın çoxala bilməsi üçün, bütün mərhələlərin əskiksiz olması vacibdir. Ananın yumurtaları udacaq və 6 həftə ərzində də, başqa heç bir şey yeməyəcək bir instinktə sahib olması vacibdir. Yumurtalar da, mədə turşularını təsirsiz hala gətirən mayeni ifraz etməlidir. Digər tərəfdən yumurtalara, balaların 6 həftə ərzində bəslənməsini təmin edəcək böyük bir yumurta sarısı təbəqəsinin əlavə olunması və ya doğum zamanı ananın qida borusunun genişləməsi də vacibdir. Bunların hamısı eyni anda həyata keçməsə, çoxalma baş tutmayacaq və qurbağanın nəsli kəsiləcəkdir.
Buna görə də, bu sistem təkamül nəzəriyyəsinin iddia etdiyi kimi mərhələli şəkildə meydana gəlmiş ola bilməz. Dünya üzərindəki ilk Rheobatrachus silus növünə aid qurbağa, bu qüsursuz sistemə sahib şəkildə yaranmışdır. Bu isə, əlbəttə ki, bu qurbağaların Allah tərəfindən bir anda və qüsursuz şəkildə yaradıldıqlarını göstərir. Bu kitab boyunca nəzərdən keçirdiyimiz bütün canlılar da yenə eyni həqiqəti isbat edir. Bütün təbiətə hakim olan üstün bir yaradılış vardır. Allah, hər canlını olduqca mürəkkəb sistemlərlə birlikdə yaratmışdır və beləliklə də, bu canlıları araşdıran insanlara Öz gücünü və elmini göstərir. Bir ayədə Allahın qüsursuz yaratması belə xəbər verilər.
O, yaradan, (ən gözəl bir şəkildə) qüsursuzca var edən, 'şəkil və surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Əzizdir, Hakimdir. (Həşr surəsi, 24)

Geri