Ən böyük dizayn: kainat

w3layouts

Kainatda, canlı və ya cansız bütün maddələrə təsir göstərən dəyişməz qanunlar vardır. Məhz bu dəyişməz qanunlar, kainatın da eynilə içində saxladığı canlılar kimi, qüsursuz bir dizaynla yaradıldığını göstərən dəlillərdir. Bu gün daha çox fiziklərin maraqlandığı bu işarələr, bizə maddi həyata aid qanunlar kimi təqdim edilir. Bəzi insanların "fizika qanunları" kimi görüb də, normal bir şeymiş kimi qarşıladığı xüsusiyyətlər, Allahın mükəmməl yaratmasının dəlillərindəndir. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Evrenin Yaratılışı (Kainatın Yaradılışı), İstanbul 1999)
Burada yalnız kainatdakı dizaynın qüsursuzluğunu xatırladacaq bir neçə nümunə ilə kifayətlənəcəyik.
Məsələn, su molekulundakı dizaynın onlarla xüsusiyyətindən sadəcə birinə nəzər salaq: "Suyun axıcılıq qabiliyyəti".
Hər mayenin fərqli bir axıcılıq dərəcəsi vardır. Suyun axıcılıq dərəcəsi isə canlıların tam istifadə edə biləcəyi nisbətdədir. Əgər suyun axıcılıq dərəcəsi daha zəif olsaydı, yəni su daha qatı bir maye olsaydı, bitkilərin qıl incəliyindəki borularının içində axmayacaq və bitki həyatı üçün lazım olan maddələri daşıya bilməyəcəkdi.
Suyun axıcılıq qabiliyyəti indiki kimi olmasaydı, axar suların axımında fərq yarandığından, dağ əmələ gəlmə prosesləri dəyişəcək, vadilər, məhsuldar düzənliklər meydana gəlməyəcək, süxurlar parçalanıb torpağı meydana getirə bilməyəcəkdi.
Su, bədənimizi mikroblardan və zərərli xarici maddələrdən qoruyan ağ qan hüceyrələrinin də hərəkətinə imkan verər. Əgər su daha qatı olsaydı qan da daha qatı olacaq və bu hüceyrələr damarlar içində hərəkət edə bilməyəcəkdi. Ürəyin qanı vurması çətinləşəcək, bunun üçün lazım olan enerjini, bəlkə də, təmin edə bilməyəcəkdi.
Yalnız bu bir neçə nümunə belə suyun canlılar və xüsusilə də insan üçün yaradılmış xüsusi bir maye olduğunu göstərir. Bir ayədə Allah, insanlara su haqqında belə buyurmuşdur:
"Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür. Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. 
(Nəhl surəsi, 10-11)

Qüvvələrin balansı
Yerin cazibə qüvvəsi indikindən daha güclü olsaydı nə baş verərdi?. Qaçmaq və hətta yerimək qeyri-mümkün olardı. İnsanlar və heyvanlar bütün bu hərəkətləri reallaşdırmaq üçün indikindən daha çox enerji sərf edərdilər. Belə olduqda, başda yer üzündəki qida resursları olmaqla enerji resursları sürətlə tükənərək yox edilərdi. Bəs cazibə qüvvəsi daha zəif olsaydı?. Yüngül şeylər yer üzündə sabit durmayacaqdı. Məsələn, ən zəif bir külək nəticəsində yerdən qalxan toz və qum zərrəcikləri saatlarla havada hərəkət edirdi. Yağış damlalarının düşmə sürəti çox yavaşlayacaq, yerə düşmədən yenidən buxarlanacaqdı. Axar suların axım sürəti yavaşlayacaq, bu səbəblə də, onlardan elektrik enerjisi əldə olunmayacaqdı. Bu xüsusiyyət Nyuton tərəfindən açıqlanan ümumdünya cazibə qanununa əsaslanır: Nyutonun ümumdünya cazibə qanununa görə, cisimlər bir-birindən uzaqlaşdıqca onlar arasındakı cazibə qüvvəsi azalar. Bu qanuna görə iki ulduz arasındakı məsafə 3 dəfə artsa, cazibə qüvvəsi 9 dəfə də azalacaq və ya məsafə yarıya endikdə ulduzun cazibə qüvvəsi 4 dəfə artacaq.
Bu qanun dünyanın, ayın və planetlərin orbitlərinin bugünkü kimi olmasını açıqlayır. Əgər qanun belə olmasaydı, belə ki, ulduzun cazibə qüvvəsi uzaqlıq artdıqca daha çox azalsaydı, planetlərin orbitləri eliptik formada olmaz və onlar spiralvari bir orbit üzrə hərəkət edərək günəşə doğru enməyə başlayardılar. Tam əksinə daha az olsaydı, uzaqdakı ulduzların cazibə qüvvəsi günəşin cazibə qüvvəsinə üstün gələr və dünya günəşdən dayanmadan uzaqlaşardı. Bunun nəticəsində dünya, ya sürətlə günəşə yaxınlaşıb istidən qovrular, ya da günəşdən uzaqlaşaraq kosmosun mütləq soyuqluğuna sovrulub donardı.

Plank sabiti fərqli olsaydı?...
Gün ərzində müxtəlif yollarla fərqli enerjilərlə qarşılaşırıq. Bir od qarşısında olarkən hiss etdiyimiz istilik belə əslində çox həssas tarazlıqlara sahib şəkildə yaradılmışdır.
Fizikada enerjinin daimi bir axın halında deyil, “kvant” adı verilən hissəciklər halında yayıldığı güman edilir. Yayılan enerji miqdarı hesablanarkən Plank sabiti adı verilən sabit bir rəqəm istifadə edilər. Bu rəqəm çox vaxt riyaziyyatda əhəmiyyət verilməyəcək qədər kiçikdir. Böyüklüyü təxminən 6,626x1034 olaraq ifadə edilən bu rəqəm, təbiətin əsas sabit kəmiyyətlərindən biridir.(60) Hər hansı bir şüalanma hadisəsində, verilən enerji miqdarı tezliyə bölünsə nəticə daim bu ədədə bərabər olar. Bütün enerji formalarının (istilik, işıq kimi) ölçüsü Plank sabitindən asılıdır.
Əgər bu çox kiçik rəqəm fərqli bir böyüklükdə olsaydı, od qarşısında oturduğumuzda hiss etdiyimiz istiliyin dərəcəsi çox fərqli ola bilərdi. Ya ən kiçik bir od parçası bizi qovuracaq qədər enerji yüklü olar, ya da günəş qədər böyük bir atəş topu belə, dünyanı isindirməyə kifayət etməzdi.

Sürtünmə qüvvəsi
Gündəlik həyatda, əsasən də hər hansı bir şeyi itələyərkən qarşılaşdığımız sürtünmənin, bəzən həmişə çətinlik yaradan bir qüvvə olduğunu düşünmüşük. Halbuki, cisimlər və səthlər arasında baş verən sürtünmə qüvvəsi yaradılmamış bir dünya necə olardı?. Qələm əlinizdən sürüşüb düşəcək, kitablar və dəftərlər masanın üzərindən sürüşüb yerə düşəcək, masa döşəmə üzərində sürüşüb bir küncə çırpılacaq, bir sözlə, bütün cisimlər eyni səviyyəyə gələnə qədər hər şey sürüşəcək və yuvarlanacaqdı. Sürtünmə qüvvəsi olmayan bir dünyada, düyünlər açılacaq, mismarlar və vintlər yerlərindən çıxacaq, avtomobillərin əyləci tutmayacaq, səs heç vaxt yox olmayıb, bir divardan o birinə dəyib qayıdacaqdı...
Kainatdakı nizamı təmin edən bütün bu fizika qanunları, kainatın da içindəki canlılar kimi dizayn olduğunun dəlillərindəndir. Əslində fizika qanunları, yalnız Allahın yaratmış olduğu nizamın insanlar tərəfindən verilən bir izahıdır. Kainatdakı nizamı təmin edən dəyişməz qanunlar Allah tərəfindən yaradılmış və haqqında düşünüb Allahın üstünlüyünü qavramaları və verdiyi nemətlərə şükr etmələri üçün insanların xidmətinə verilmişdir.
Allahın yaratmasındakı üstünlük və nizamla əlaqədar daha saysız nümunə verilə bilər. Kainatın yaradılmasından indiyədək keçən milyardlarla il ərzində yaradılan hər şey Allahın elmi ilə və Onun hakimiyyəti altında yaradılmışdır.

Geri